İqtisadiyyat üzrə Nobel mükafatı amerikalı Uilyam Nordhaus və Pol Romerə verilib

2018-ci il iqisadiyyat üzrə Nobel mükafatı laureatları Uilyam Nordhaus (solda) və Pol Romer

2018-ci il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı iqtisadçılar Uilyam Nordhaus və Pol Romerə verilib.

Uilyam Nordhaus Yale universitetində, Pol Romer isə Nyu-York universitetində çalışır.

Nobel komitəsi onların iqtisadi inkişafa təsir göstərən amillərin araşdırılmasına verdiyi töhfələri qeyd edib.

İsveç Kral Akademiyasının açıqlamasında bildirilir ki, Nordhaus və Romer “uzunmüddətli, stabil və ekoloji baxımdan davamlı iqtisadi artıma nail olmaq kimi zəmanənin ən fundamental və təcili məsələlərinin bəzisinin həllinin metodlarını araşdırıblar”.

Nordhaus Nobel mükafatına “iqlim dəyişikliyini uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiya etdiyinə” görə layiq görülüb. Akademiyanın bildirdiyinə görə, o, 1990-cı illərdə iqtisadiyyat və iqlimin qlobal miqyasda bir-birinə hansı şəkildə təsir etməsi modelini yaradıb.

Romer “texnoloji innovasiyaların uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiyasına” görə Nobel mükafatı ilə təltif edilib. Akademiyanın bildirdiyinə əsasən, Romer öz tədqiqatları ilə bazar şəraitləri və iqtisadi qərarların yeni texnologiyalara təsirlərinin ilk dəfə olaraq modelini hazırlayıb.

Nordhaus doktorluq dərəcəsini 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunda, Romer isə 1983-cü ildə Çikaqo Universisteində alıb.

İqtisadiyyat üzrə mükafat bu il təqdim edilən Nobel mükafatlarının sonucusudur. Mükafatın dəyəri 1.1 milyon dollardır.