İlqar Məmmədovun kassasiya şikayətinə baxış təxirə salınıb

Your browser doesn’t support HTML5

REAL lideri bəraət istəyir

REAL Partiyasının sədri İlqar Məmmədovun işi üzrə kassasiya şikayətinin baxışı martın 28-i saat 11-dək təxirə salınıb. Bu qərar fevralın 5-də Azərbaycan Ali Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

İclasın başqa vaxta keçirilməsinə səbəb kimi müdafiə tərəfinin kassasiya şikayətinə əlavələr təqdim etməsi göstərilib. Belə ki, dövlət ittihamçısı Cövdət Mehrəlıyev zərərçəkən tərəfin əlavələr ilə tanış olması üçün vaxt istəyib.

Vəkil Fuad Ağayev əlavələrin cüzi olduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

“Əlavədə göstərilənlərin zərərçəkmiş tərəfə aidiyyatı yoxdur. Orada sadəcə dəlillər toxunulmaz olaraq qalır yazılıb,” o qeyd edib.

Vəkil İlqar Məmmədovla bağlı məhkəmə prosesinin 2013-cü ildən davam etdiyini bildirib.

“Məhkəmə prosesinin 6 il uzadılması məhkəmələrin əks-məhsuladar addımı kimi başa düşülməlidir,” Ağayev deyib.

İlqar Məmmədov bildirib ki, prosesin uzadılması ədalət məhkəməsinin inkar edilməsi mənasına gəlir.

Məhkəmənin uzadılmasının siyasi motivini görürəm. Artıq bütün gözləntilər Avropa Məhkəməsinin Böyük Palatasında olmalıdır və oradadır.
İlqar Məmmədov REAL Partiyasının sədri

“Bu gün yenidən məhkəmənin təxirə salınması barədə qərar mənə qarşı Azərbaycan rəhbərliyi tərəfindən ədalət məhkəməsinin inkar edilməsidir. Bu birinci dəfə deyil. Bütün bu proses siyasi motivlidir. Məni siyasi səbəbdən həbs etmişdilər. 5 il yarım müddətdən çox həbsdə saxladılar. İndi də şərti cəza altındayım. Bu da siyasi motivlidir. Məhkəmənin uzadılmasının da siyasi motivini görürəm. Artıq bütün gözləntilər Avropa Məhkəməsinin Böyük Palatasında olmalıdır və oradadır. Avropa İnsan Haqları Konvensiyasının 46.4 maddəsi (Qərarların məcburi qüvvəsi və icrası, burada tərəfin götürdüyü öhdəliyin yerinə yetirməsini aydınlaşdımaq üçün işin yenidən məhkəməyə göndərilməsindən söhbət gedir) ilə bağlı qərarın tezliklə verilməsi bu prosesin uzadılmamasının yeganə yoludur. Başqa yol yoxdur. Belə getsə hakimiyyət məhkəməni axıradək uzadacaq,” Məmmədov bildirib.

Vəkil Fuad Ağayev 2018-ci ilin oktyabrında REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 13 avqust tarixli qərarından kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib. Şikayətdə Məmmədova tam bəraət verilməsi məsələsi qoyulub.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Lakin məhkəmə onun günahını sübut edə bilməyib, beynəlxalq birlik onun siyasi səbəbdən həbs edildiyini bildirib. Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarına baxmayaraq, Azərbaycan hakimiyyəti uzun müddət onu azadlığa buraxmaqdan imtina edib.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu iki il sınaq müddəti olmaqla vaxtından əvvəl şərti azadlığa buraxıb.