İlqar Məmmədov: Boykot yol deyil

İlqar Məmmədov

ReAL Partiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində AŞPA-nin siyasi məhbuslar üzrə məruzəçisinin açıqlaması, parlament seçkilərində iştirak və boykot taktikasından danışıb.

Amerikanın Səsi: Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi sizin parlament seçkilərinə buraxılmamağınızı Azərbaycanın Avropa Məhkəməsinin və Nazirlər Komitəsinin nüfuzuna hörmətsizliyi və qanunun aliliyini saymamazlığı kimi qiymətləndirib. Sizin münasibətiniz necədir?

Azərbaycan yeganə ölkədir ki, onun üzvlük öhdəliyini yerinə yetirməməsi haqqında Avropa Məhkəməsinin qərarı var.

İlqar Məmmədov: Bu mövqe bizim münasibətimizi tamamilə əks etdirir. Biz bu bəyanatı tam dəstəkləyirik. Həqiqətən Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin qərarına hörmət qoymur. Azərbaycan yeganə ölkədir ki, onun üzvlük öhdəliyini yerinə yetirməməsi haqqında Avropa Məhkəməsinin qərarı var. Yəni Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə məhkəmə qərarı olan yeganə ölkə Azərbaycandır. Bu baxımdan Avropa qurumlarının, Avropa Şurasının artıq səbri tükənir. Ona görə də belə bəyanatlar verirlər. Bu bəyanat bizim də mövqeyi əks etdirir. Sunna Evarsdottir (AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi-red.) məruzəçisidir. Mən Bakıda olarkən onunla görüşmüşəm və mövqeyimi ifadə etmişəm. Onlar tam məlumatlıdır. Bu mövqe məlumatlı mövqedir.

Your browser doesn’t support HTML5

İlqar Məmmədov: Boykot yol deyil

Amerikanın Səsi: ReAl Partiyasının seçkilərdə iştirakla bağlı qərarı bir sıra müxalif qurumlar tərəfindən dəstəklənmədi? Onlar hesab edir ki, seçkiqabağı durum azad və ədalətli seçkilər keçirməyə imkan vermir. Siz necə hesab edirsiniz?

İndiyiə qədər belə bir mövqe populyar olub ki, seçki mühiti ancaq hakimiyyətin məsuliyyətidir. Elə deyil. Müxalifət öz payına olan vəzifələri yerinə yetirməlidir.

İlqar Məmmədov: Seçkiqabağı durum nə qədər hakimiyyətin məsuliyyətidir, elə o qədər də müxalifət partiyalarının və siyasi prosesin bütün iştirakçılarının məsuliyyətidir. Təkcə hakimiyyətin məsuliyyəti ola bilməz. Yəni siyasi prosesin bütün iştirakçıları seçki prosesində iştirak etməyəndə ölkədə mühit yaradırlar və yaxid yaratmırlar? Biz artıq öz tərəfimizdən bu mühitin yaradılması üçün bacardığımızı edirik. Çalışırıq söz azadlığının, siyasi fəallığın və iştirakçılığın sərhədlərini genişləndirək. Bu, bizim məsuliyyətdir. İndiyə qədər belə bir mövqe populyar olub ki, seçki mühiti ancaq hakimiyyətin məsuliyyətidir. Elə deyil. Müxalifət öz payına olan vəzifələri yerinə yetirməlidir və seçki, konstitusion proses, konstitusion bir mərhələ bunun üçün ən gözəl hüquqi fürsətdir.

Amerikanın Səsi: Sizcə ReAl və digər müxalif siyasi partiyaların seçkilərdə iştirakı ilə ölkəyə seçki demokratiyası gətirmək mümkün olacaqmı? Ümumilikdə seçkilərdə iştirakla ölkədə hansı dəyişikliklər yaradacağınıza inanırsınız?

Üç boykot nəticəsində birinci xanım birinci vitse-prezident oldu. Yəni, bu boykotlar işləmir.

İlqar Məmmədov: Azərbaycana seçki mədəniyyətini gətirməkdən ötrü iştirakçılıqdan başqa yol yoxdur. Əvvəlki boykotlar təcrübəsinə baxanda, Azərbaycanın müxalifət partiyaları tərəfindən 2015-ci ildə parlament seçkiləri boykot olundu, 2016-cı ildə referendum boykot olundu, 2018-ci ildə prezident seçkiləri yenidən boykot olundu. Mən onda həbsdə idim. Üç boykot nəticəsində birinci xanım birinci vitse-prezident oldu. Yəni, bu boykotlar işləmir. Bu boykotların işləməməsinin faktiki sübutları göz qabağındadır. Ona görə biz iştirakçılıq göstərməliyik. Seçkilərdə iştirak etməliyik. Mümkün qədər demokratik imkanların, fürsətlərin sərhədlərini genişləndirməliyik.

Amerikanın Səsi: Bir sıra ekspertlər avtoritar rejimlərdə müxalifətin seçkilərdə iştirakını iqtidarın hakimiyyətinə legitimlik fonu yaratması kimi qiymətləndirir. Sizin fikirləriniz?

Dünya araşdırma mərkəzlərinin, universitetlərin, alimlərin son 40 ildə 171 boykot taktikasını əhatə edən araşdırmalarının nəticələrinə görə boykotların ancaq dörd faizi hansısa nəticə verib.

İlqar Məmmədov: Dünya araşdırma mərkəzlərinin, universitetlərin, alimlərin son 40 ildə 171 boykot taktikasını əhatə edən araşdırmalarının nəticələrinə görə boykotların ancaq dörd faizi hansısa nəticə verib. Özü də söhbət seçkidə, siyasi prosesdə qələbədən getmir. Hansısa cüzi nəticələr verib. Qalan 96 faiz hallarda boykot ancaq və ancaq hakimiyyətə xidmət edib. Burada söhbət təkcə Azərbaycandan getmir. Bütün dünyada, Afikasıdır, Asiyasıdır, Latın Amerikasıdır, bəzi Avropa ölkələridir. 171 boykot təcrübəsinin ancaq 4 faizində hansısa müsbət nəticə olub. 96 faizi isə ancaq hakimiyyətə, repressiv rejimlərə xidmət edib. Mən hətta bəzən zarafat edirəm ki, alimlər, araşdırmaçılar deyir ki, 171 haldan ancaq bir halda boykot həqiqi mənada siyasi dəyişikliyə və prezidentin başqa adam olmasına xidmət edib, həmin o prezidentlə mənim şəxsən şəkilim var. Bu, Peru prezidentidir. Yəni, demək istədiyim odur ki, boykot taktikası dünyanın heç bir yerində özünü doğrultmayıb. 96 faiz yetərincə inandırıcı statistikadır. Elmi araşdırmalarda isbat olunub. Ona görə boykot yol deyil.

Amerikanın Səsi: ReAL Partiyası indiki anda seçkidə iştirakdan imtina edə bilərmi?

Hakimiyyət hər hansı bir repressiv dalğa icad edərsə, biz o dalğanın iştirakçısı və məsuliyyətini daşıya bilmərik. Həmin halda nəzəri olaraq seçkidən geri çəkilə bilərik.

İlqar Məmmədov: Nəzəri baxımdan bu mümkündür. Əgər Azərbaycanda seçki ilə bağlı və bağlı olmayan, hər halda ictimai-siyasi mühitlə əlaqədar hansısa repressiv dalğa yaranarsa bu mükündür. Məsələn, bunun nümunəsini biz gördük, reper Pasteri həbs etdilər, sonra Mehman Hüseynov müəammalı şəkildə harasa aparıldı döyüldü, hansısa hadisələr baş verdi. Müəyyən bir dalğa hissi yarandı. Elə bil ki, Azərbaycanda repressiv bir dalğa yaranır. Biz həmin anda bəyanat verdik ki, bu dalğaya çevirilsə biz seçkidən kənar dura bilərik. Ondan sonra bu proses səngidi. Hal-hazırda sabitlik davam edir. Lakin hakimiyyət hər hansı bir repressiv dalğa icad edərsə, biz o dalğanın iştirakçısı və məsuliyyətini daşıya bilmərik. Həmin halda nəzəri olaraq seçkidən geri çəkilə bilərik. Amma bir nömrəli, ən vacib məqsədimiz seçkilərdə iştirak etmək, mübarizəni axıradək aparmaq və qalib gəlməkdir.