İlqar Məmmədov: Bizim üçün Navalnının təcrübəsi çox önəmlidir

Your browser doesn’t support HTML5

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Rusiya hökumətinin tənqidçisi Aleksey Navalnının həbsi, Rusiya və Azərbaycanda seçki sistemlərindən danışıb.

Amerikanın Səsi: Rusiya hökumətinin tənqidçisi Aleksey Navalnının həbsinə uzun müddət həbsdə olan Azərbaycanın müxalif siyasi partiyasının lideri kimi münasibətiniz necədir?

İlqar Məmmədov: Siyasətçilərin hər hansı səbəb olmadan həbs olunması, əlbəttə, bizdə ancaq təəssüf hissi doğura bilər. Mən, özüm 2013-cü ildə prezident seçkilərindən səkkiz ay əvvəl həbs olunmuşdum. İndi, Rusiyada əsas parlament seçkilərinə səkkiz ay qalmış Rusiyanın aparıcı siyasi simalarından biri Aleksey Navalnı həbs edilib. Bu, bizdə ancaq təəssüf hissi doğurur. Biz ona tezliklə azadlıq arzu edirik. İnanmaq istəyirik ki, Rusiyanın ədalət mühakimə sistemi həqiqətən ədalətli olacaq və əgər, hər hansı bir həqiqi hüquqi əsas yoxdursa (biz əslində onun mövcudluğuna şübhə edirik), onun tezliklə azadlığa çıxması mümkün olacaq.

Amerikanın Səsi: Sizin əhalini seçkilərə çağırışlarınız ilə Navalnının seçki çağırışları arasında sanki bir paralellik var. Siz ötən il keçirilən parlament seçkilərində seçki çağırışlarınıza nə qədər nail ola bildiniz? Navalnı necə, bu il Rusiyada keçiriləcək parlament seçkilərində çağırışlarına nail ola bilərmi?

Biz də bütün vətəndaşları hər hansı saxtakarlığa, pozuntulara baxmayaraq, seçkilərə getməyə və istədikləri namizədlərə səs verməyə çağırırıq. Navalnının partiyası da insanları ağıllı səsverməyə çağırır.

İlqar Məmmədov: Bizim üçün Navalnının təcrübəsi çox önəmlidir. Çünki bizim çağırışlarla onun çağırışları arasında tam oxşarlıq var. Biz də hər kəsi, bütün vətəndaşları hər hansı saxtakarlığa baxmayaraq, hər hansı pozuntulara baxmayaraq istənilən halda seçkilərə getməyə və istədikləri namizədlərə səs verməyə çağırırıq. Navalnının partiyası da öz növbəsində insanları ağıllı səsverməyə çağırırdı. Yəni, indiyə qədər keçirilən seçkilərdə müxtəlif metodlardan istifadə edəndən sonra belə qənaətə gəldilər ki, seçkilərdə iştirak ən yaxşı üsuldur. Bu baxımdan, biz gözləyirdik ki, sentyabrda keçiriləcək parlament seçkilərində Rusiyada biz təklif etdiyimiz, eyni zamanda Navalnının partiyasının təklif etdiyi ağıllı səsvermə sistemi daha bir sınaqdan keçəcək və vətəndaşlara onun səmərəsi daha da aydın olacaq. Lakin təəssüf ki, Navalnın həbsindən sonra mümkündür ki, ümumiyyətlə parlament seçkilərinə təsir etmək imkanı olmayacaq. Bu həbs biz dediyimiz iştirak metodunun səmərəsini bir qədər azalda bilər. O baxımdan da onun həbsi bizdə təəssüf doğurur. Biz istəyərdik ki, sentyabra qədər Rusiyada gedən proseslərdə bu üsul özünü doğrultsun və Rusiya parlament seçkilərini Azərbaycan vətəndaşları üçün də səmərəliliyi baxımından nümunə kimi təqdim edə bilək.

Amerikanın Səsi: Azərbaycanda və Rusiyada iqtidarın müxalif siyasi partiyalara, müxalif siyasətçilərə, tənqidçilərinə münasibətini necə xarakterizə edərdiniz?

İlqar Məmmədov: Oxşarlıqlar çoxdur. Lakin hər bir oxşarlıq o demək deyil ki, sistemlər tamamilə eynidir. Rusiya siyasi sistemi fərqlidir. Rusiya iqtisadi sistemi fərqlidir. Azərbaycanın iqtisadi qaydaları tamam başqadır. Rusiyada kifayət qədər inkişaf etmiş səhm bazarı var. Ümumilikdə götürəndə, bunlar tamamilə fərqli siyasi sistemlərdir. Baxmayaraq ki, bənzər cəhətləri çoxdur. Mən Rusiyada baş verən hər bir hadisənin Azərbaycana proyeksiya edilməsini, eyni zamanda Azərbaycanda baş verən hər hansı bir hadisənin mütləq Rusiyaya proyeksiya edilməsini düzgün saymıram.

Amerikanın Səsi: Rusiya hökumətinin tənqidçisinin həbsinin ABŞ-dan və Avropa Birliyindən Rusyaya qarşı yeni sanksiyalar gətirəcəyinə inanırsınızmı?

Yeni sanksiyalar mümkündür.

İlqar Məmmədov: Yeni sanksiyalar mümkündür. Xüsusilə “Şimal qaz axını” layihəsi ilə bağlı. Amma onların baş tutacağı və ya baş tutmayacağı hələ sual altındadır. Çünki Qərb tərəfindən təzəliklə “Şimal qaz axını” layihəsini mümkün edən addımlar atılıb. Ona görə, indi qərb təzədən geriyə gedəcəkmi? Bu baxımdan hələ sual kimi qalır. Eyni zamanda hələ tam aydın deyil ki, Navalnı həqiqətən də uzun müddət həbsdə qalacaq. Tezliklə hansısa şərtlə onu azadlığa da buraxa bilərlər.

Amerikanın Səsi: Beynəlxalq qiymətləndirmələrdə Azərbaycanda və Rusiyada seçkilərin beynəlxalq standartlara cavab vermədiyi bildirilir. Necə hesab edirsiniz, Azərbaycanda və Rusiyada beynəlxalq standartlara, ATƏT standartlarına cavab verən seçkilərin keçirilməsi üçün nə edilməlidir?

Seçkilərin daha dürüst, düzgün keçirilməsi üçün ilk növbədə mətbuat azadlığı, toplaşmaq azadlığı təmin olunmalıdır.

İlqar Məmmədov: Hər ölkə üçün ayrı resept var. Azərbaycan üçün olan qaydalar Rusiyada keçərli olmaya bilər və tərsinə, Rusiyada edilməli olan işlər burada nəticə verməyə bilər. Amma ümumilikdə biz hesab edirik ki, Azərbaycanda seçkilərin daha dürüst, düzgün keçirilməsi üçün ilk növbədə mətbuat azadlığı, toplaşmaq azadlığı təmin olunmalıdır. Eyni zamanda, “Seçki Məcəlləsi”nə də uyğun dəyişikliklər edilməlidir. İlk növbədə, prosedurlardan ən vacibi seçkiləri idarə edən tərəf, yəni dövlət, eyni zamanda həm müxalifət, həm iqtidar məsuliyyətlə yanaşmalı və serçkilərin dürüst keçirilməsinə bir iradə göstərməlidir. Bu iradə olmasa heç bir qanun normaları seçkilərin keyfiyyətini yaxşılaşdıra bilməz. Qanuna istənilən maddəni maddəni yaza bilərsiniz, amma iradə yoxdursa o icra olunmayacaq. Hesab edirəm ki, əgər iradə olarsa indiki “Seçki Məcəlləsi” ilə də Azərbaycanda kifayət qədər dürüst seçki keçirmək mümkündür. Rusiyanın düz seçki keçirməsinə dair nə etmək lazımdır? Düşünürəm ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələri əsas götürülməlidir. Bizim Rusiyaya verəcəyimiz ayrıca hər hansı tövsiyəmiz, reseptimiz yoxdur.