İlham Əliyev: “Problemli kreditlər həllini tapacaq”

“Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.”

Bu barədə prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük.

Əliyev ümidvar olduğunu bildirib ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq:

"Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək", prezident vurğulayıb.

Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir. Hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir.

Bundan əlavə, onun sözlərinə görə, bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır.

“Bəzi addımlar artıq atılıb. Minimum əmək haqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılmasından sonra sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq və 500 min adamı əhatə edəcək. Təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. "Əminəm ki, 2019-cu il Azərbaycan üçün uğurlu il olacaq", Əliyev vurğulayıb.

Müşavirədən sonra prezident Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Mərkəzi Bank

Sərəncamda yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması; sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması; ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması; müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması; beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması; uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması; dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq sənədlərin hazırlanması barədə tapşırıq verilib.

Dövlət başçısı həmçinin əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində; müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində prezident təqaüdü təsis edib.

Eyni zamanda Əliyev müharibə əlillərinə prezident təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması; əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (görmə məhdudiyyətli insanlar istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması;

1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması barədə sərəncam imzalayıb.