İlham İsmayıl: 'Bunlar hamısı sözdür və siyasi oyundur'

İlham İsmayıl

Azərbaycanda islahatlara maneə varmı? Hakimiyyət daxilində kimlərsə bu prosesə qarşı çıxıbmı?
Bu yaxınlarda Prezident İlham Əliyev də keçirdiyi iqtisadi müşavirədə bu məsələyə toxunmuşdu:

… “Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda”.

Prezident daha sonra da demişdi:

“Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik..”.

Bir çoxları isə bu məsələdə indiyə qədər haqlı-haqsız müəyyən ad və ya adlar da çəkiblər.

Prezident isə son günlər hakimiyyətin yüksək pillələrində çalışan bəzi şəxsləri öz vəzifələrindən kənarlaşdırıb və bu istiqamətdə verilən bütün sərəncamlar hakimiyyətə yaxın media orqanlarında islahatların davamı kimi xarakterizə edilib.

“Prezidentin iradəsinin qarşısında dayanacaq heç bir güc də yoxdur”

Jalə Əliyeva

Deputat Jalə Əliyeva hazırda prezidentin bütün addımlarını doğru sayır və şərh olunası addımlar hesab etmir. Onun fikrincə, Azərbaycanda Prezidentin iradəsinin qarşısında dayanacaq heç bir güc də yoxdur:

“Prezidentin bu günə qədər ölkə üçün etdikləri göz önündədir, istər sosial, istərsə də başqa sahələrdə. Son zamanlar apardığı islahatlar da Azərbaycanın inkişafına, daha da firavan şəkildə yaşamasına hesablanan islahatlardır”.

Jalə Əliyevanın sözlərinə görə, vəzifəsindən kənarlaşdırılan bütün şəxslər böyük ehtiramla yola salınıb:

“Bu, o deməkdir ki, o insanların hər birinin Azərbaycana özünəməxsus xidməti var. Mən bundan artıq şərh edə bilmərəm”.

“İdarəetmənin mahiyyəti dəyişmir”

Ramiz Mehdiyev vəzifəsindən çıxarılandan sonra İlham Əliyev ona "Heydər Əliyev" ordenini təqdim edir, 23 oktyabr 2019

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Azadlıq Radiosuna bu məsələ ilə bağlı dəyərləndirməsini elə sualla başlayıb. “Azərbaycanda islahatlar başlayıbmı” .

Onun fikrincə, prezidentin son sərəncamları islahatlar yox, kadr dəyişiklikləridir:

“İkinci, mövcud kadr dəyişiklikləri üçün uzun yol keçilib, 26 il əvvəl vəzifəyə qoyulan adamın vəzifədən çıxarılması ona görə təəccüblüdür ki, bir adam nə qədər işləyə bilər?”

İlham İsmayıl bildirib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi 2016-cı ilin sentyabrından həmin vəzifədən kənarlaşdırmaq planı olub:

“Tədricən 3 ildən sonra buna nail olundu. Amma Ramiz Mehdiyevin islahalatlara mane olması fikri inandırıcı deyil. Sual yaranır islahatlara mane olan adama necə “Heydər Əliyev” ordeni vermək olar? Yəni bunlar hamısı sözdür və siyasi oyundur”.

İlham İsmayıl daha sonra Vergilər Nazirliyi və bir sıra qurumların İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilməsini də köklü islahat hesab etmir:

“Ona görə də indiyə qədər olan idarəetmə davam edəcək, yəqin ki, ilin sonuna yaxın bir neçə kadr dəyişikliyi də olacaq. Amma idarəetmənin mahiyyəti dəyişmir”.

İlham İsmayılın sözlərinə görə, islahat Konstitusiyadan başlayır. Onun fikrincə, bu məsələdə söhbət seçki qanunvericiliyinin təkmilləşməsindən, məhkəmələrin müstəqilliyindən, mətbuat azadlığından, siyasi məhbusların azad olunmasından, iqtisadi azadlıqların təmin edilməsi və monopoliyanın ləğvindən asılıdır.

Xatırlatma

Oktyabrın 23-də Ramiz Mehdiyev Prezident Admnistrasiyasının rəhbəri vəzifəsindən azad edilib və o, “Heydər Əliyev” ordeni ilə təltif olunub. Elə həmin gün də Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib. Bu həftə həmçinin, Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən çıxarılaraq iqtisadiyyat naziri təyin edilib. Ardınca bəzi nazirlik və qurumlar da İqtisadiyyat Nazirliyinə birləşdirilib.

AzadlıqRadiosu