İctimai fəal təzyiqə məruz qaldığını bildirir

Hacıyev Bəxtiyar

İctimai fəal Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi Ələkbər İsmayılov tərəfindən hədə-qorxu və təzyiqlərə məruz qaldığını bildirib.

Fəalın iddiasına görə, buna səbəb Facebook-da daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidi yazının dərcidir. Yazıya səbəb isə fəalın 2 ay öncə verdiyi şikayətə məhəl qoyulmamasıdır.

Bəxtiyar Hacıyevin sözlərinə görə, sentyabrın 9-da onu şəhər polisinə aparıblar, orada polis rəisi ona psixoloji təzyiq göstərib və deyib ki, əgər yazını silməsə, onu həbsdən daha böyük cəza gözləyir. Fəalın sözlərinə görə, polis rəisi onu ölümlə hədələyib. Buna baxmayaraq, tənqidi yazı silinməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev fəalın fikirlərini "həqiqətə uyğun olmayan" adlandırıb.