İctimai fəal həbs edilib

Laçın Vəliyev

AXCP tərəfdarı, Müsavat Partiyasının keçmiş üzvü Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maadəsi ilə günahlandırılır. İttiham sübut olunarsa fəalı əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək həbs gözləyir.

“Mən onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşmüşəm. Dedi ki, ittiham elan edilməmişdən öncə bir neçə dəfə saxlanılıb və ondan AXCP fəallarının əleyhinə ifadə verməsi tələb olunub. Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini dedi. Laçın Vəliyev vəkili vasitəsi ilə Sabunçu rayon Prokurorluğuna və Sabunçu rayon Polis İdarəsinə şikayət göndərib,” vəkil qeyd edib.

Rəsmi qurumlar Laçın Vəliyevin həbsi ilə bağlı məlumat yaymayıb. Təzyiqlərə gəlincə, hüquq mühafizə orqanları saxlanılan şəxslərə təzyiq olunması ilə bağlı yayılan məlumatları bir qayda olaraq təkzib edir və böhtan sayır.

“Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə həbs edilib. Daha sonra qəfil ittihamı dəyişərək, narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, fiziki zorakılığa məruz qoyublar. Konkret olaraq AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Laçın bəy bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb,” Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib

Bir sıra hüquq müdafiə təşkilatları da Laçın Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış edib.

Müdaqfiə Xətti hüquq müdüfiə təşkilatı bildirir ki, Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

“O, həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkirəm...” deyib, irəli sürülən qurama ittihamlarla dinməz-söyləməz razılaşıb,” Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direkotur Rüfət Səfərov Facebook səhifəsində yazıb.