ABŞ-da daha 2 milyona yaxın insan işsizlik təzminatı üçün müraciət edib

Əmək Departamentinin cümə axşamı bildirdiyinə görə, keçən həftə ilə müqayisədə ABŞ-da işsizlik təzminatı ilə bağlı müraciətlərin sayı azalıb. Belə ki, koronavirus pandemiyasına görə həyata keçirilən məhdudiyyətlər yüngülləşdirildikdən sonra bir sıra bizneslər açılır və işçilər öz işlərinə qayıdır.

Bəzi mağazalar, restoran və müəssisələr məhdud müştərilərlə işlərini bərpa etdiyi bir vaxt virusun dünyanın ən böyük iqtisadiyyatına təsirinə görə işini itirən 1.88 milyon amerikalı pul təzminatı üçün müraciət edib.

Bu, mart ayının ortalarından ştat qubernatorlarının ilk kütləvi bağlama sərəncamları verdiklərindən bəri ən kiçik rəqəmdir. Lakin ümumilikdə ABŞ-da 42.5 milyon işçi, yəni ölkənin 164 milyondan çox işçi qüvvəsinin dörddə birindən çoxu işsizlik təzminatı istəyib.

Bununla belə, əvvəlki həftələrdə işsizlik təzminatı istəyənlərin bəzilərinin yenidən işə çağırıldıqları üçün işsizlərin dəqiq sayı məlum deyil.

50 ştatın qubernatorları bizneslərin məhdudiyyətlərini qismən aradan qaldırıb və bu göstərişlər hər bir ştat üçün fərqlidir.

Apreldə işsizlik nisbəti 14,7 faiz idi. May ayı barədə məlumatı hökumət cümə günü açıqlayacaq. Bəzi iqtisadçılar bunun təxminən 20 faiz ola biləcəyini deyir.