Rəsmi Romanın baş diplomatı şənbə günü Pekinə səfərindən öncə deyib ki, Çinlə mübahisəli investisiya müqaviləsi İtaliyanın gözləntilərini doğrultmayıb və İtaliyann geri çəkiləcəyinə dair spekulyasiyalar artır.
2019-cu ildə yüksək borcu olan İtaliya sənayeləşmiş ölkələrdən ibarət Böyük Yeddilər qrupundan Çinin Kəmər və Yol Təşəbbüsündə iştirak edən yeganə ölkə oldu.
Çin Prezidenti Şi Tsinpinin limanlar, dəmir yolları və hava limanları kimi infrastrukturlara nəhəng investisiyalardan ibarət iddialı proqramı Asiya, Afrika və Avropa arasında ticarət əlaqələrini yaxşılaşdırmaq məqsədi daşıyır.
Tənqidçilər deyir ki, bu plan Pekinin təsirini artırmaq üçün nəzərdə tutulan Troya atıdır.
Müqavilə, İtaliya bu il geri çəkilmədiyi təqdirdə, 2024-cü ilin martında avtomatik olaraq yenilənəcək.
“Biz Çinlə yaxından işləməyə davam etmək istəyirik, amma eyni zamanda ixracları da təhlil etməliyik; Kəmər və Yol Təşəbbüsü bizim ümid etdiyimiz kimi nəticələr verməyib,” İtaliyanın xarici işlər naziri Antonio Tacani iqtisadiyyat forumunda deyib.
Tacani bildirib ki, İtaliyanın 2022-ci ildə Çinə ixracının dəyəri 16.5 milyard avro olub. Ancaq Fransa və Almaniyanın göstəriciləri müvafiq olaraq 23 və 107 milyard avro təşkil edərək daha yüksək olub.
Tacani Pekinə bazar günündən çərşənbə axşamınadək davam edən səfəri zamanı çinli rəsmilərlə görüşəcək və baş nazir Girogia Melonin planlaşdırılan səfərinə hazırlıq görəcək. Bəzi ekspertlər baş nazirin səfərinin İtaliyanın razılıqdan geri çəkildiyini təsdiq edəcəyini deyir.
İtaliya maliyyə nazirliyinin keçmiş baş iqtisadçısı Lorenzo Kodoqno bildirib ki, razılaqdan geri çəkilmə “çox güman ki, prinsipdə artıq Çin səlahiyyətliləri ilə razılaşdırılıb. ”
Meloni “rəsmi açıqlamanı Çin rəhbərliyinə hörmət əlaməti olaraq, Pekinə oktyabrında ortalalarında gözlənilən səfəri zamanı edəcək,” ancaq sön sözü İtaliya parlamenti deyəcək, o əlavə edib.
Meloninin sələfi Mario Dragi müqaviləni dondurmuşdu və Çinin strateji əhəmiyyət kəsb edən sektorlara geniş-miqysalı sərmayəsinin qarşısını almışdı.