İsveçrə Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

“Azadlıq” radiosunun Belarus xidməti İsveçrənin İqtisadiyyat Üzrə Dövlət Katibliyinə istinadən bildirdiyinə görə, İsveçrə Belarusun 17 vətəndaşına və 9 təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Sanksiyaların təsirinə Belarusun “Belavia”, “Qrodno Azot”, “Belorusneft”, “Belshina” aviaşirkətləri, “Centercourt” təşkilatı, “Oscar” turizm agentliyi, “Planet” və “Minsk” mehmanxanaları məruz qalıb.

Sanksiyalar siyahısına, həmçinin Suriyanın “Cham Wings“ aviaşirkəti və İstanbulda yerləşən “VIP Grub“ pasport və viza mərkəzi də daxildir.

Səxslərə qarşı irəli sürülən sanksiyalar siyahısına Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo və Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaza da daxildir.

Bundan əvvəl Avropa İttifaqı Belarusa qarşı beşinci sanksiyalar paketini təqdim edib. Həmin paketdə 17 məmur və 11 təşkilatın adı var. Bu məhdudlaşdırıcı tədbirlər Belarusla sərhəddə miqrasiya böhranı fonunda tətbiq edilib. Qərb buna görə Aleksandr Lukaşenkonu ittiham edir.

Minsk miqrantları sərhədə gətirdiyini inkar etməkdə davam edir. Polşa hökumətinin məlumatına görə, hazırda sərhəddə Yaxın Şərqdən olan 10 minə yaxın miqrant var.

Avropa İttifaqının ardınca ABŞ, Kanada və Britaniya da sanksiyalar siyahısını genişləndirib. Sanksiyalara əsasən “Belavia“ hava yolları şirkəti dekabrın əvvəlindən hesablaşma sistemindən (BSP) və yük hesabı hesablaşma sistemindən (CASS) ayrılıb.

Belarus 2020-ci ilin avqustunda keçirilən seçkilərdən sonra etirazçılara qarşı təqiblərə başlayıb, minlərlə insan həbs edilib. Nümayişçilər və müxalif fəallar seçkilərin Lukaşenkonun 26 illik hakimiyyətini uzatmaq məqsədilə saxtalaşdırıldığını iddia edir. Bundan əlavə etirazçılara qarşı işgəncə və pis rəftarla bağlı iddialar var və bir neçə insan ölüb.

Avropa İttifaqı rəsmiləri Lukaşenkonu miqrantlardan “silah” kimi istifadə etməkdə günahlandırıb. Belə ki, Lukaşenko Yaxın Şərqdən təyyarələrlə gətirərək onları Belrusun Litva, Latviya və Polşa ilə sərhədində sığınacaq üçün müracitə etməyə həvəsləndirir.