Pandemiya şərəitində İsveç fərqli davranış nümayiş etdirir. Belə ki, koronavirusun yayılması səbəbindən karantin tətbiq edən və sakinləri evdə qalmağa çağıran Avropa və dünyanın digər ölkələrindən fərqli olaraq, İsveç vətəndaşlarının həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdirməməyə qərar verib.
İsveçin dövlət epidemioloqu bu yaxınlarda ölkənin orta məktəbləri bağlamamaq qərarını müdafiə edərək bağlanışın "çox çətin bir tədbir" olacağını deyib. O vurğulayıb ki, belə olan halda misal üçün, tibb sahəsində çalışan vacib insanlar uşaqları ilə evdə qalmalı olacaqlar. Bu "tamamilə qəbuledilməzdir" - deyə o bildirib. Əlavə edib ki, əgər səlahiyyətlilər təhsil müəssisələrini bağlasalar, o zaman məktəblilər çox sayda böyüklər ilə daha çox əlaqə quracaqlar, bu da infeksiyanın yayılmasına, o cümlədən yaşlılar arasında yayılma riskinin daha da artmasına gətirib çıxaracaq.
İsveçin strategiyası daha çox yaşlı insanları və risk altında olanları qorumaqdır. Hökumət 70 yaşdan yuxarı vətəndaşlara və xroniki xəstəlikləri olan sakinlərə evdə qalmağı tövsiyə edir. Qalanlarına əgər mümkünsə evdən işləməyi və sosial qruplardan məsafəyə saxlamağı, ehtiyac deyilsə küçəyə çıxmamaq tövsiyə olunur.
Pandemiya şəraitində İngiltərə də daxil olmaqla, bəzi ölkələr də əvvəlcə buna bənzər bir yanaşma apardılar, lakin koronavirus səbəbindən ölüm nisbətləri əhəmiyyətli dərəcədə yüksəldikdə həmin ölkələr strategiyalarını kəskin şəkildə dəyişdilər. İsveçdə bir çoxları hakimiyyətin koronavirusla mübarizəyə yanaşmasını kəskin tənqid edir. Umea Universitetinin virusologiya professoru Fredrik Elg yerli mətbuata müsahibəsində bunları deyib:
“Çox narahatam, Stokholmda karantin olmasını istərdim. Biz demək olar ki, dünyada infeksiyanın qarşısını almaq üçün heç cür səy göstərməyən yeganə ölkəyik. Bu çox ciddidir. ”
Təxminən 10 milyon əhalisi olan İsveçdə 3046 COVID-19 infeksiyası və koronavirusdan 92 ölüm hadisəsi qeydə alınıb. Müqayisə üçün, məktəbləri və bir çox müəssisələri bağlayan və 10-dan çox insanın qrup halında toplaşmasını qadağan edən qonşu Danimarkada 27 mart tarixinə 2010 koronavirus, 52 ölüm hadisəsi qeydə alınıb. Danimarkanın 5.7 milyon əhalisi var.