Noyabrın 1-də Bakı İstintaq Təcridxanasında həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.
Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yaydığı video müraciətində bildirib.
Vəkilin sözlərinə görə, Əfqan Muxtarlının cinayət işinin materialları "Meydan TV”-nin əməkdaşlarına qarşı başlanmış cinayət işindən ayrılıb.
“Əfqan Muxtarlının cinayət işi Meydan TV-nin əməkdaşlarına qarşı olan cinayət işi ilə birləşdirilmişdi. Cinayət işi yenidən ayrıldı”, o qeyd edib.
Vəkil Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə birgə cinayət işinin materialları ilə tanış olacaq.
Sadıqov həmçinin deyib ki, Gözəl Bayramlının səhhətindəki problemlər ciddiləşib.
“Hazırda mədəsində də ciddi ağrılar var. Onu yalnız UZİ aparatından keçiriblər. Hər hansı müalicə həyata keçirilmir, dərmanlar verilmir. Bununla yanaşı, Bayramlı mənəvi cəhətdən möhkəmdir”, vəkil qeyd edib.
Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəraitdə Azərbaycana gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin 315.2 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (dövlət sərhədini qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Əfqan Muxtarlı ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bildirib.
Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.
G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.