İstanbulda terror hücumunun təşkilində çeçen cihadçı şübhəli bilinir

  • Fatima Tlisova

İstanbulda Atatürk hava limanında çərşənbə axşamı hücuma görə məsuliyyəti əsas şübhəli şəxs olan çeçen Əhməd Çataevin daşıdığı ehtimal edilir. O, Çeçenistandan tutmuş Suriyaya qədər uzun illərdir cihadçıların fəaliyyətlərində iştirak edib.

Hava limanında üç nəfər tərəfindən törədilən hücum zamanı 44 nəfər həyatını itirib, 230-dan çox insan yaralanıb. İntiharçı hücumçular əvvəlcə atəş açıb, sonra isə üzərlərindəki partlayıcıları partladıb. Türkiyə rəsmiləri hücumun İŞİD döyüşçüləri tərəfindən törədildiyinə inandıqlarını bildiriblər.

Qərb mətbuatı Türkiyə rəsmilərinə istinadən İstanbulda hücumu törətmiş şəxslərin Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olduğu haqda məlumat verib.

Hücumçuların kimliyi ilə bağlı hələlik məlumat ictimaiyyətə açıqlanmayıb. Lakin Türkiyə mətbuatında Şimali Qafqaz regionundan Rusiyanın iki vətəndaşının hücumda əli olduğu bildirilib.

Hücumun təşkilatçısı kimdir?

Türkiyənin iqtidaryönlü Yeni Şafak qəzetinin yazdığına görə, əslən Rusiyanın Şimali Qafqaz regionundan olan Əhməd Çataevin hücumun təşkilatçısı olduğuna inanılır.

Çeçenistanda islamçı qruplara əsasən, Vedeno kəndindən olan ÇataevQafqaz Əmirliyinin keçmiş lideri, 2014-cü ildə öldüyü təsdiqlənmiş Doku Umarovun ən etibarlı adamlarından biri olub və maliyyə toplanması və xaricdə yeni döyüşçülərin cəlb edilməsi əməliyyatlarına görə məsuliyyət daşıyıb.

Türkiyədə olduğu müddətdə Çataev İŞİD-in yüksək rütbəli komandiri Tarxan Baturaşvili, Umar Əl-Şişani ilə birbaşa əlaqə yarada bilib

Çataev Rusiyanı 2001-ci ildə tərk edib və Avstriyada sığınacaq almaq üçün müraciət etdikdən sonra 2003-cü ildə Avstriya vətəndaşı olub. Çataevin Avstriya pasportu ona Avropa və hər yerdə sərbəst səfər etmək imkanı yaradıb.

O, 2010-cu ildə Rusiya təhlükəsizlik xidmətinin müraciəti əsasında Ukraynada həbs edilib, lakin sonradan azad edilib. 2001-ci ildə isə Çataev Bolqarıstan-Türkiyə sərhədində həbs edilib. O, həbsi ilə əlaqədar apellyasiya verib və məhkəmə Qaçqınlara dair Cenevrə Konvensiyasına əsasən onun azad edilməsi haqda qərar çıxarıb.

Azad Avropa/Azadlıq Radiosu Çataevin 2010 və 2012-ci illər arasında Gürcüstanda yaşadığı və 2013-cü ildə çeçen islamçı qrupu və Gürcüstan təhlükəsizlik qüvvələri arasında Gürcüstanın Lopota vadisində atışmada iştirak etdiyi haqda xəbər verib.

Çataev yaralanıb və həbs edilib, lakin sonradan məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Rusiyanın müstəqil "Kavfazskiy uzel" xəbər agentliyinin verdiyi məlumata görə, o, 2012 və 2015-ci illər arasında Türkiyədə yaşayıb. Çataevin səfərlərini davam etdirdiyi və bir dəfə Belçika polisi tərəfindən qısa müddətə saxlandığı bildirilir.

Türkiyədə olduğu müddətdə Çataev İŞİD-in yüksək rütbəli komandiri Tarxan Baturaşvili, Umar Əl-Şişani ilə birbaşa əlaqə yarada bilib.

2015-ci ilin fevral ayında Çataev İŞİD-in YouTube səhifəsində yerləşdirdiyi videoda göstərilib. Suriyada çəkilmiş videoda o, İŞİD-in rusdilli Yarmuk batalyonunun komandiri olduğunu iddia edib.

2015-ci ilin oktyabrında ABŞ-ın Maliyyə nazirliyi Əhməd Çataevin adını qlobal terrorçuların xüsusi siyahısına salıb.

Türkiyə təhlükəsilik qüvvələri Çataevin İstanbulda hücumda əli olduğunu təsdiq etməsə də, ekspertlərin Amerikanın Səsinə bildirdiyinə görə, hücumu onun təşkil etdiyi güman edilir.

Bomba hücumçularının kimliyi aydın deyil

Yeni Şafak qəzetinin kimliyini açıqladığı iki intiharçı bomba hücumçusundan birinin Dağıstandan Osman Vadinov olduğu bildirilir.

"Vadinov soy adı nə Dağıstan, nə də Çeçenistanda aiddir"-dağıstanlı etnoqraf və siyasi təhlilçi Abduraşid Saidov

Türkiyənin Hurriyet qəzeti də hücumçulardan birinin Osman Vadinov olduğu haqda məlumat verib. Onun hücumu törətmək üçün Suriyada İŞİD-in de-fakto paytaxtı Raqqadan gəldiyi deyilir. Lakin Hurriyet Vadinovun Dağıstan deyil, Çeçenistandan olduğunu yazıb.

Bununla belə, ekspertlər Şimali Qafqazda "Vadinov" soy adının olmadığını deyir.

"Vadinov soy adı nə Dağıstan, nə də Çeçenistanda aiddir"-dağıstanlı etnoqraf və siyasi təhlilçi Abduraşid Saidov Amerikanın Səsinə bildirib.

Dağıstanda bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş tanınmış rus müxbir Yuliya Yuzik "Osman Vadinovun" dağıstanlı olmadığını deyib. "Mənim mənbələrim deyir ki, bu, bizim adam deyil"- o, Amerikanın Səsinin suallarına cavabında yazıb.

"Vadinov" Qazaxıstanın Almatı rayonunda və Bolqarıstanda yayılmış soy adıdır. Bununla belə, Türkiyə mətbuatının verdiyi məlumata görə, təhlükəsizlik xidməti bomba hücumçusunun kimliyini onun pasportu əsasında müəyyən edib. Bu isə pasportun həqiqi, ya da saxta olduğu ilə bağlı suallar yaradır. Əgər ekspertlərin düşündüyü kimi pasport saxtadırsa, o zaman izlər sənədin verildiyi Dağıstana aparır.

Türkiyədə bir neçə min nəfərdən ibarət Dağıstan sələfi diasporası Amerikanın Səsinə bildirib ki, "heç kəs Osman Vadinov adında bir şəxs haqda heç bir şey eşitməyib".