İstanbulda bomba hücumu ilə əlaqədar beş nəfər həbs edilib

Sultanəhməd meydanında hücum zamanı azı 10 nəfər həlak olub

Türkiyə rəsmiləri bildirib ki, hakimiyyət orqanları çərşənbə günü İstanbulda 10 nəfərin ölümü ilə nəticələnən intiharçı bomba hücumu ilə əlaqədar beş nəfəri həbs edib.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda müxbirlərlə görüşündə polisin çərşənbə axşamı günü daha dörd nəfəri həsb etdiyini bildirərək, İslam Dövləti qrupu ilə əlaqənin təsdiq edildiyini deyib.

İslam Dövləti hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bundan öncə Daxili işlər naziri Efkan Ala şübhəli şəxsin çərşənbə axşamı həbs edildiyini bildirib, lakin onun kimliyi və ya hücumdakı rolu ilə bağlı heç bir məlumat verməyib.

O həmçinin bomba hücumçusunun Türkiyənin axtarış siyahısında olmadığını deyib. Türkiyə rəsmiləri hücumçunun Nabil Fadi olduğunu müəyyən edib və onun 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olduğunu bildirib.

Türkiyə immiqrasya ofisinin verdiyi məlumata görə, o, ölkəyə bu yaxınlarda qaçqın qismində daxil olub.

Türkiyə rəsmiləri çərşənbə günü keçirilən reyd zamanı İslam Dövləti qrupunun yaraqlıları olduqlarından şübhələndikləri bir neçə şəxsi həbs edib. Onların arasında üç Rusiya vətəndaşı var.

İstanbulun tarixi Sultanəhməd meydanında baş verən hücumdan sonra baş nazir Əhməd Davudoğlu bomba hücumçusunun İslam Dövləti qrupunun üzvü olduğunu deyib. O, İslam Dövləti qrupunun Türkiyəyə və bütün dünyaya təhlükə yaratmayacaq bir vəziyyətə gələnədək ona qarşı mübarizənin davam edəcəyini vəd edib.

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmeyer Berlində müxbirlərə bildirib ki, ölənlər arasında azı səkkiz, yaralananlar arasında isə azı doqquzu alman olub.

Hücumdan dərhal sonra İstanbula səfər edən Almaniyanın daxili işlər naziri Tomas de Maziyere hücum zamanı Almaniya vətəndaşlarının hədəf alındığına dair heç bir əlamətin olmadığını bildirib. O həmçinin Türkiyəyə səfərlərdən çəkinməyə heç bir səbəbin olmadığını qeyd edib.

Sultanəhməd meydanı İstanbulun əsas görməli yerlərindən biridir. Topkapı Sarayı, Göy Məscid və Aya-Sofya muzeyi orada yerləşir.

Hökümət intiharçı hücumunu hazırlamaqda şübhəli bilinən İslam Dövləti qrupunun iki üzvünü həbs etdikdən sonra Yeni İl bayramı şənlikləri təxirə salmışdı.

Türkiyənin hərbi təyyarələri Suriyada ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı həyata keçirilən hava hücumlarında iştirak edir.