İsrailin Qəzzaya qarşı qurudan əməliyyatları üçüncü gündür davam edir

İsrailin Qəzzaya qarşı qurudan əməliyyatları üçüncü gündür davam edir. İsrail Həmas yaraqlılarının istifadə etdiyi tunellərin hədəf alındığını bildirir.

Ordu cümə axşamı start verilən əməliyyatlar nəticəsində 20-dən artıq tunel daxil edilməklə, terrorçuqların 200 hədəfini və 25-dən artıq yaraqlını məhv etdiyini bildirir.

Eyni zamanda fələstinli yaraqlılar İsrail ərazilərinə raket hücumlarını davam etdirib. Onların çoxu İsrailin raketlərdən müdafiə sistemi vasitəsi ilə vurulub salınıb.

Cümə günü BMT-nin Təhlükəsizlik Şurası Qəzza böhranının müzakirəsi məqsədi ilə növbədənkənar yığıncaq keçirib.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur İsraili müharibə cinayətləri və Fələstin xalqının hüquqlarını pozmaqda günahlandırıb.

İsrailin BMT-dəki səfiri Ron Prosor isə deyib ki, İsrailin Həmasın terror hədəflərinin məhvindən başqa çarəsi qalmamışdı. O, Həması sülhü qəbul etməməkdə günahlandırıb.

Fələstin rəsmiləri İsrailin hücumları nəticəsində qadın və uşaqlar da daxil edilməklə, 325 adamın həlak olduğunu bildirib.

Qarşıdurmalar zamanı İsrail 2 nəfər itki verib. Onlardan biri əsgər, digəri mülki vətəndaşdır.