İran və İsrail bir-birini aqressiyada ittiham edib [Video]

Your browser doesn’t support HTML5

İran və İsrail bir-birini Yaxın Şərqdə aqressiya törətməkdə ittiham etdi. Hər iki tərəf təhlükənin artacağı haqda xəbərdarlıq səsləndirdi. Münhen Təhlükəsizlik Konfransında çıxış edən İsrail baş naziri Benyamin Netanyahu İranın növbəti 10 il ərzində nüvə bombası inkişaf etdirəcəyi ilə bağlı xəbərdarlıq etdi.

Ölkəsində korrupsiya ittihamları ilə üzləşmiş İsrail baş naziri Benyamin Netanyahu Münhen Təhlükəsizlik Konfransında səhnəyə çıxaraq, sərt xəbərdarlıq səsləndirdi.

Benyamin Netanyahu, İsrail baş naziri: “İran nüvə sazişi geriyə sayımı başlatdı. On ildən sonra İranın nüvə arsenalının yaranması aparan geriyə sayım.”

Netanyahu İsrail ərazində vurulan və İrana məxsus olduğu iddia etdiyi dron parçasını nümayiş etdirdi. Bildirdi ki, İranın aqressiyası regional alyansları dəyişdirib.

Benyamin Netanyahu, İsrail baş naziri: “Bu, ərəbləri və israilliləri heç zaman olmadığı qədər, daha yaxın edib. Paradoksal bir yolla bu, Fələstin-İsrail sülhünə yol açmış ola bilər.”

Bu nitqdən bir neçə saat öncə İsrail Fələstinin mövqələrinə iki nəfərin ölümü ilə nəticələnən hücum həyata keçirib. Zərbələr dörd İsrail əsgərinin yaralanmasına səbəb olan bomba hücumuna cavab idi.

Bazar günü Münhendə danışan İran xarici işlər naziri İsrail baş nazirinin nitqini cizgi filmi kimi təsvir etdi.

Məhəmməd Cavad Zərif, İran xarici işlər naziri: “İsrail aqressiyanı öz qonşularına qarşı bir siyasət kimi həyata keçirir. Məsələn, Suriya, Livan və digər Ərəb ölkələrinə qarşı kütləvi repressiyalar və hücumlar.”

Zərif deyib ki, Tehran qarşılıqlı hörmət əsasında formalaşmış regional sülh axtarışındadır.

Məhəmməd Cavad Zərif, İran xarici işlər naziri: “Biz inanırıq ki, İran Körfəzində təhlükəsizliyin təmin edilməsi üçün yeni regional təhükəzilik nizama ehtiyac duyulur.”

Nüvə müharibəsi təhlükəsi konfrans zamanı dəfələrlə səslənən fikirlərdən idi. Əsas səbəb Şimali Koreya kimi ölkələrin nüvə arsenalı yaratmaq iddiası, mövcud nüvə qüdrədlərinin isə öz arsenallarını genişləndirməsidir.

Nobel Sülh Mükafatı qalibi Nüvə Silahlarının Ləğv Edilməsi Beynəlxalq Kampaniyasının təmsilçisi Beatris Finh Amerikanın Səsinə bildirib ki, qlobal icma bu yola davam etməməlidir.

Beatris Finh, Nobel Sülh Mükafatı qalibi: “Nüvə silahları təhlükəsi birmənalı olaraq geri qayıdır. Mənim üçün bütün hökümətlərə mövcud siyasət saxlandığı halda nüvə silahlarının istifadəsinin qaçılmaz olduğunu qeyd etmək olduqca əhəmiyyətlidir. Bu səbəbdən biz tezliklə nüvəsizləşməyə doğru getməliyik.”

Münhen konfransı Yaxın Şərq və digər regionlarda sərt fikir müxtəlifliklərini aydın nümayiş etdirdi. Burada toplananlar ümid edirlər ki, hər kəs potensial təhlükələri anlayıb, onların qarşısını almaq istiqamətində ilk addımlar atacaq.