Üç günlük atəşkəsin başa çatmasından az sonra fələstinli militantların Qəzzadan raket hücumlarına İsrail hava zərbələri ilə cavab verib.
İsrail hərbisinin Twitterdə yaydığı məlumata görə səhər saat 8-də atəşkəsin başa çatmasından sonra 19 raket hücumu baş verib. Məlumatda deyilir ki, raketlərdən dördü İsrailin cənub şəhərinə, digərləri isə açıq ərazilərə düşüb. Yaralananlar və dağıntılar haqda məlumat verilmir.
İsrailin hava zərbələri üç saat sürüb. Ordu sözçüsü Piter Lerner hava hücumlarının Qəzzadakı terrorist infrastrukturlarını hədəf aldığını təsdiqləyib.
Həmasdan daxil olan məlumata görə təmsilçilərin Qahirədə keçirdiyi atəşkəs danışıqları baş tutmayıb.
İslamçı qrup bildirib ki, onlar danışıqları davam etdirəcək, hərçənd ki, tərəflər razılığa doğru proqres əldə etməyiblər.
Həmas İsrailin onların tələblərini qəbul etmədiyini deyib. Onlar Qəzza iqtisadiyyatına və fələstinlilərin ölkədən çıxmasına əngəl törədən blokadanın qaldırılmasını tələb edir.