Qəzza Zolağında gərginlik artıb

İsrail baş nazirinin sözlərinə görə, onun ölkəsi Qəzza Zolağı sərhədi böyu baş qaldıran zorakılıqlara cavab verməyə hazırdır.

Benyamin Netanyahu Nazirlər Kabinetinin bu gün keçirilən iclasında deyib ki, İsrail hücuma məruz qaldığı vaxt "boş oturmayacaq".

Son günlər Qəzza Zolağında gərginlik kəskin şəkildə artıb. Dünən fələstinli yaraqlılar Qəzza sərhədində keşik çəkən İsrail hərbi maşınına tank əleyhinə raket atıblar. Hadisə zamanı 4 əsgər yaralanıb. Hücuma cavab olaraq İsrail dünən və bu gün hava hücumları həyata keçirərək 6 fələstinlini öldürüb. Rəsmilər və şahidlər deyir ki, hücumlar zamanı 25 nəfər də yaralanıb.

İsrailin cənubunda dünən həyata keçirilən hücuma görə məsuliyyəti Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin silahlı qanadı öz üzərinə götürüb.