İsrail yeni yaşayış məntəqələrinin inşasına başlayır (Yenilənib)


İsrail fələstinlilərin iddia etdiyi işğal olunmuş ərazilərdə yeni 1200 evin inşası planını təsdiq edib. Bu mübahsiəli addım fələstinlilərlə sülh danışıqlarının bərpa edilməsindən üç gün öncə atılır.

İsrailin mənzil-tikinti naziri Uri Ariyel planı bazar günü təsdiq edərək, Şərqi Qüdsün yəhudilərin yaşadığı hissəsində 800 və İordan çayının Qərb sahilində daha 400 evin inşası üçün tender elan edib.

Fələstin rəsmiləri İsrailin çərşənbə günü Qüdsdə planlaşdırılmış İsrail-Fələstin sülh danışıqlarından öncə atdığı bu addımı tənqid edib.

Fələstinlilərin sülh danışıqlarında vasitəçisi Saib Erekat İsrailin yeni evlərin inşasına başlaması ilə bağlı münasibətini bildirərək, İsrailin sülhə gətirəcək qərarlar verməsinin vaxtının gəlib çatdığını deyib. “Biz İsrail hökumətini yaşayış məntəqələrinin inşası planını dayandırmağa və danışıqların iki dövlətin mövcudluğu kimi həllinə nail olmaq məqsədilə sülh prosesinə bir imkan verməyə çağırırıq”-deyə o bildirib.

Fələstinlilər müstəqil dövlətin yaranması üçün Şərqi Qüds və İordan çayının Qərb sahili ərazilərinə iddialarını bildirib və yaşayış məntəqələrinin salınmasını bu məqsədə çatmaq qarşısında maneə hesab edir.