İsrailli etirazçılar çərşənbə axşamı hökumətin ölkəni bölən məhkəmə islahatlarına qarşı ölkə miqyasında keçirilən nümayişlərin başlanğıcında Qüds, Hayfa və Təl-Əvivə gedən magistral yolları bağlayıblar.
Nümayişlər baş nazir Benyamin Netanyahunun parlament koalisiyasının Ali Məhkəmənin nəzarət səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini ilkin olaraq təsdiqləyərək, məhkəmə sistemində geniş etirazlara baxmayaraq təklif olunan mübahisəli dəyişiklikləri irəli sürməsindən sonra səhər saatlarında baş tutub.
Qanun layihəsi Netanyahunun ultramillətçi və ultra-ortodoks müttəfiqləri tərəfindən təklif edilən bir neçə qanun layihəsindən biridir. Bu plan ölkəni avtoritar idarəçiliyə doğru sövq etdiyini deyən opponentlərin aylardır davam edən etirazlarına səbəb olub.
Əsaslı dəyişiklik əleyhinə olan fəallar gün ərzində ümummilli kütləvi nümayişlərə, o cümlədən İsrailin əsas beynəlxalq hava limanında səyahətləri poza biləcək etirazlara çağırıblar.
Çərşənbə axşamı hərbi qüvvələrin kiber bölməsinin ehtiyatda olan 300 hərbçisi hökumətin "İsrail dövlətini məhv etmək əzmində olduğunu" nümayiş etdirdiyini əsas gətirərək, könüllü xidmətə getməyəcəklərini bildirən məktub imzalayıb.
Məktubda deyilir: "Şər məqsədilə istifadə oluna biləcək həssas kiber qabiliyyətlər demokratiyanın əsaslarını sarsıdan cinayətkar hökumətə verilməməlidir".
Polis Qüdsə gedən əsas yolu bağlayan etirazçıları təmizləmək üçün su şırnaqlarından istifadə edib. Polis zabitləri mərkəzi Modiin şəhəri yaxınlığında magistral yolu kəsən daha bir neçə nəfəri həbs ediblər. Nümayişçilər "Birlikdə qalib gələcəyik" yazılmış böyük pankartla Hayfada əsas magistral yolu bağlayıblar və sahil boyunca nəqliyyatın hərəkətini çətinləşdiriblər.
Polis etirazlar zamanı ictimai iğtişaşlara görə 42 nəfərin həbs edildiyini bildirib.
Ölkənin milli həmkarlar ittifaqının Histadrutun rəhbəri Arnon Bar-David ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala biləcək mümkün ümumi tətillə hədələyib.
"Vəziyyət yüksək həddə çatarsa, biz müdaxilə edib gücümüzü işə salacağıq" - deyən Bar-David Netanyahunu "xaosu dayandırmağa" çağırıb.
Histadrut hökumət həftələrlə davam edən etirazlardan sonra məhkəmə sisteminin yenidən qurulmasına dair qanunvericiliyi parlamentdən keçirdiyi vaxt mart ayında ümumi tətil elan edib. Bu addım İsrail iqtisadiyyatının böyük hissəsini çökməsi ilə nəticələnməsi və Netanyahunun qanunvericiliyi dondurmaq qərarına gəlməsinə gətirib çıxarmışdı.
Lakin o, ötən ay siyasi müxalifətlə kompromis tapmağa yönəlmiş danışıqların iflasa uğramasından sonra onu canlandırmaq qərarına gəlib.