Livanın Səhiyyə Nazirliyi çərşənbə günü İsrailin hava hücumları nəticəsində cənubdakı Nabatiyə qəsəbəsində azı 5 nəfərin öldüyünü bildirib.
Rəsmilərin dediyinə görə, ölənlər arasında şəhər meri də olub.
İsrail ordusu Nabatiyə bölgəsində Hizbullahın onlarla hədəfə hücum etdiyini bildirib.
İsrail qüvvələri çərşənbə günü Beyrutun cənub ətrafına da havadan zərbələr endirdiyi üçün azı iki məhəllədən tüstü qalxıb.
İsrail Müdafiə Qüvvələri döyüş təyyarələrinin Hizbullahın yeraltı silah anbarına zərbələr endirdiyini bildirib.
Hücumlar İsrailin Beyrutda İsrail ordusunun Hizbullah obyektlərinin yaxınlığında olduğunu bildirdiyi əraziləri tərk etmələri barədə son təxliyə əmrindən sonra həyata keçirilib.
İsrail həmçinin çərşənbə günü Livandan 50-dən çox mərmi atıldığını, Hizbullah isə İsrailin şimalındakı bir bölgəyə raket atdığını bəyan edib.
İsrail Livanın paytaxtı ərazisinə son zərbələrini ABŞ-ın İsrail rəsmilərinə bu cür hücumlarla bağlı narahatlığını ifadə etməsindən bir gün sonra endirib.
Bu arada, Birləşmiş Ştatlar İsraildən gələn ay ərzində Qəzzada aclıq çəkən fələstinlilərə humanitar yardımı artırmağı tələb edir. Əks halda İsrail ABŞ-ın onun HƏMAS militantlarına qarşı bir ildir davam edən müharibəsini dəstəkləyən hərbi yardımı kəsmək ehtimalı ilə üzləşə bilər.
İsrailin HƏMAS-a qarşı mübarizəsi aylardır davam etdiyi bir vaxt Birləşmiş Ştatlar fələstinli mülki əhaliyə humanitar - ərzaq, su, tibbi ləvazimatlar, yanacaq və digər yardımı artırmaq üçün İsrailə dəfələrlə təzyiq göstərib. Lakin yardımın militantlar tərəfindən oğurlanması, yardımın çatdırılma yerlərinin yaxınlığında döyüşlərin davam etməsi və Qəzzaya giriş nöqtələri ilə bağlı mübahisələr humanitar səyləri boşa çıxarıb.