İsrail qüvvələrinin çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilində keçirdikləri reydlər və hava hücumları nəticəsində azı 9 nəfər ölüb.
İsrail ordusu Cenin, Tülkarm və Əl-Fərə qaçqın düşərgəsinin yerləşdiyi ərazidə anti-terror əməliyyatları apardığını və ümumilikdə 9 militantın öldürüldüyünü bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin hücumları zamanı 9 cəsəddən əlavə, həmin bölgələrdə yaralanan 13 nəfərin də çıxarıldığını bildirib.
İsrailin xarici işlər naziri İsrael Katz çərşənbə günü X səhifəsində İsrailin Qəzza zolağında olduğu kimi İordan çayının qərb sahilində də terror təhlükəsi ilə mübarizə aparmalı olduğunu deyib və İranı İordan çayının qərb sahilindəki militantları maliyyələşdirməkdə və silahlandırmaqda ittiham edib.
İsrailin Qəzzada İranın dəstəklədiyi HƏMAS-a qarşı müharibə apardığı müddət İsrail qüvvələri İordan çayının qərb sahilində dəfələrlə reydlər keçirib.
2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri İsrail əsgərləri və mühacirlər 640-dan çox fələstinlini, fələstinlilər isə hücum zamanı azı 19 israillini öldürüb.
BMT Təhlükəsizlik Şurası çərşənbə günü BMT sülhməramlı qüvvələrinin Livanın cənubunda qalma müddətinin uzadılmasını və İsrail qüvvələri ilə Hizbullah militantları arasında hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməni səsə qoymağa hazırlaşır.
Qəzza müharibəsi boyu İsrail-Livan sərhədində toqquşmalar tez-tez baş verir və bu, daha geniş regional münaqişə qorxusunu artırır.
Fransa tərəfindən hazırlanmış qətnamə "Mavi xətt boyunca sakitlik, təmkin və sabitliyin bərpası da daxil olmaqla, gərginliyin azaldılması istiqamətində təcili tədbirlərin görülməsinə" çağırır.
Ağ Evin Yaxın Şərq üzrə baş müşaviri Brett Makqork İsrail və HƏMAS arasında atəşkəsə nail olmaq üçün davam edən tədbirlərin bir hissəsi olaraq, çərşənbə axşamı Dohada Qətərin yüksək səviyyəli rəsmiləri ilə görüşüb.
ABŞ, Qətər və Misir rəsmiləri döyüşlərin dayandırılmasını, Qəzzada hələ də HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini, İsraildən fələstinli məhbusların geri qaytarılmasını və Qəzzadakı dinc əhaliyə humanitar yardımın artırılmasını təmin edəcək atəşkəsin əldə edilməsi üçün vasitəçilik edir.
Qəzzada müharibə HƏMAS və başqa militantların oktyabrın 7-də İsrailə gözlənilməz hücum edərək, əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfəri öldürməsindən sonra başlayıb.
Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrailin cavab hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 40 mindən çox fələstinli həlak olub. İsrail ordusu bu rəqəmə minlərlə HƏMAS döyüşçüsünün daxil olduğunu bildirir.