İsrail Beyrutda Hizbullahın qərargahını hədəf aldığını bildirib

İsrail qüvvələri İranın müttəfiqi Hizbullahın Beyrut ətrafında yerləşən mərkəzi qərargahı olduğu iddia edilən yerə kütləvi zərbə endirib. İsrail televiziyası lider Həsən Nəsrullahın nəzərdə tutulan hədəf olduğunu bildirib. Bu, İsrail Baş naziri Benyamin Netanyahunin BMT-də terror təşkilatına qarşı mübarizənin dayandırılmayacağı barədə xəbərdarlıq etməsindən qısa müddət sonraya təsadüf edib.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari sentyabrın 27-də bildirib ki, ölkə qüvvələri Hizbullahın yaşayış binalarının altında yerləşən əsas qərargahını hədəf alıblar. Orada böyük partlayışlar və yanğının baş verdiyinə dair məlumatlar yayılıb.

Hücumdan sonra Nəsrullahın harada olduğu barədə dərhal məlumat verilməyib.

Netanyahunun ofisi baş nazirin ABŞ səfərini yarımçıq qoyduğunu və dərhal İsrailə qayıdacağını bildirib.

Nəsrullahın rəhbərlik etdiyi Hizbullah İranın digər proksi qüvvələri və Tehranın dəstəklədiyi silahlı qruplarla sıx əlaqələr qurub və onların döyüşçülərinin hazırlanmasına və silahlandırılmasına yardım edib.

Hizbullahın idarə etdiyi Al-Manar telekanalı zərbələr zamanı azı 4 binanın dağıldığını, ağır itkilərin olduğunu və təcili yardım maşınlarının hadisə yerinə getdiyini bildirib. Livanın Səhiyyə Nazirliyi iki nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını bildirib.

İnternetdə yerləşdirilən videoda böyük dağıntıların olduğunu göstərilir.

Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ İsrailin hücumu ilə bağlı əvvəlcədən xəbərdar olmayıb.

Sinq jurnalistlərə deyib ki, “Birləşmiş Ştatlar bu əməliyyata daxil olmayıb və bizə əvvəlcədən xəbərdarlıq edilməyib”.

Bundan bir az əvvəl isə Netanyahu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı İrana sərt xəbərdarlıq edərək deyib ki, İslam Respublikası İsrailə zərbələr endirməyə çalışmağa davam edərsə, İranda İsrailin çata bilməyəcəyi “yer yoxdur.”