HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin cümə günü bildirdiyinə görə, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 100-dən çox insan ölüb.
Qəzzadan gələn xəbərlərə əsasən İsrail ölkənin cənubundakı Xan Yunis və Rəfah şəhərlərinə hava hücumları həyata keçirib və nazirlik ən azı 104 nəfərin öldüyünü bildirir. Nazirliyin məlumatına görə, oktyabr ayında başlayan döyüşlərdən bəri ən azı 29 514 fələstinli həyatını itirib.
Eyni zamanda, media orqanları İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı müharibədən sonrakı planını cümə axşamı gecə öz hərbi kabinetinə təqdim edərək, İsraili əraziyə hərbi və mülki nəzarətlə uzunmüddətli təhlükəsizliyi təmin etməyə çağırdığını bildirib.
Planda İsrail - Misirlə əməkdaşlıq və ABŞ-la koordinasiya edərək - cənub sərhədindən Misirə giriş və çıxışa nəzarət etməyə çağırılır. Misirin planı təsdiq edib-etmədiyi bəlli deyil. ABŞ-ın CNN xəbər şəbəkəsi İsrail rəsmisinə istinadən bildirib ki, Misir bu planla bağlı Birləşmiş Ştatlarla “eyni fikirdədir”.
Media xəbərlərində planla tanış olan fələstinli nümayəndələrin onu rədd etdiyi bildirilib. Planın bəzi hissələri həm də Vaşinqtonun region üçün nəzərdə tutduğu, yəni müstəqil Fələstin dövlətini əhatə edən “iki dövlətli” həll yoluna ziddir.
İordan çayının qərb sahilinə dron zərbəsi
İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərinə dronla endirdiyi zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının militantı olduğu ehtimal edilən şəxs öldürülüb.
Ordunun bəyanatında Yaser Hanunun hücuma hazırlaşdığı deyilib və ətraflı məlumat verilməyib. Ordunun bildirdiyinə görə, Hanun əvvəllər də “İslami Cihad”ın həyata keçirdiyi hücumlarda iştirak edib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İordan çayının qərb sahilində zorakılıq artıb.
Atəşkəs səyləri
İsrail Qəzzada döyüşləri müvəqqəti dayandırmaq və hələ də militantlar tərəfindən saxlanılan 100-ə yaxın girovu azad etmək məqsədilə HƏMAS-la atəşkəs əldə etmək üçün cəhdlərin aparıldığını bildirir.
İsrail mediası xəbər verir ki, bu cəhdlərə Parisdə atəşkəs danışıqları üçün cümə günü oraya müzakirəçilər göndərmək də daxildir. Qrupa İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri başçılıq edəcək.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant cümə axşamı ABŞ-ın Yaxın Şərq üzrə elçisi Brett Makqorka hökumətinin "girovlarla bağlı danışıqlar aparanların səlahiyyətlərini genişləndirəcəyini" bildirib.
Onun şərhləri Qallant və baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrailin Müharibə Kabinetində olan Benni Qantzın çərşənbə günü axşam atəşkəs razılaşmasına nail olmaq üçün yeni cəhdlər edildiyini bəyan etməsindən sonra gəlib. Bu, bir həftə əvvəl İsrail, ABŞ, Misir və Qətər rəsmiləri arasında Qahirədə danışıqların dalana girməsindən sonra İsrail tərəfindən yeni səylərinin aparıldığına dair ilk göstərici idi.
Lakin Qallant bildirib ki, girovların azad edilməsi çox vacibdir və HƏMAS onları azad etməyə razılıq verməsə, İsrail müsəlmanların martın 10-da başlayan müqəddəs Ramazan ayında Qəzzanın cənubunda, Misirlə sərhəddəki Rəfah şəhərinə qurudan hücuma keçəcək.