İsraildə müharibənin 13-cü günü - İsrail ordusu Hizbullah mövqelərinə yeni zərbələr endirib

İsrail Müdafiə Qüvvələri oktyabrın 19-na keçən gecə Livanın cənubunda sərhədə yaxın Hizbullah mövqelərinə yenidən zərbələr endirdiyini bəyan edib. İsrail ordusunun mətbuat xidməti yazıb ki, zərbələr İsrail ərazisinə açılan atəşə cavab olaraq endirilib.

"Digər hədəflərlə yanaşı, dünən Roş Hankara istiqamətinə tank əleyhinə raketin atıldığı dəniz yaxınlığındakı müşahidə məntəqəsini də hədəf alınıb" İsrail ordusunun Tvitter səhifəsində bildirilib.

İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, oktyabrın 19-na keçən gecə Qəzzanın cənubundakı Rəfah şəhərinə endirilən hava zərbəsi nəticəsində Qəzzanın Xalq Müqavimət Komitələrinin hərbi qanadının rəhbəri Rafat Əbu Hilal həlak olub. Həmçinin hava hücumu nəticəsində HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin rəhbəri Cihad Meysen və ailə üzvlərinin də öldürüldüyü bildirilib.

Haaretz HƏMAS-ın yüksək rütbəli rəsmisi Şeyx Həsən Yusifin saxlandığını yazıb.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində tank əleyhinə raket buraxılış məntəqələri, tunelləri, kəşfiyyat infrastrukturu və müxtəlif komanda mərkəzləri də daxil olmaqla, HƏMAS-ın yüzlərlə obyektini məhv etdiyini bildirib.

Oktyabrın 19-na keçən gecə Misir Qəzza zolağına humanitar yardımın Rafah keçid məntəqəsi vasitəsilə çatdırılması üçün dəhlizin açıldığını elan edib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden Misirin yük maşınlarının Qəzzaya buraxılmasına razı olduğunu bildirmişdi.

Misir prezidentinin sözçüsü Əhməd Fəhminin dediyinə görə, Misir prezidenti Əbdülfəttah Sisi və Amerika prezidenti Co Bayden Rəfah terminalı vasitəsilə Qəzza zolağına davamlı humanitar yardımın çatdırılması barədə razılığa gəlib. O, yardım çatdırılmasının nə vaxt başlayacağını dəqiqləşdirməyib.

"Qızıl Aypara"nın Şimali Sinay bölməsinin rəhbəri Xalid Zayid daha əvvəl bildirmişdi ki, Rəfah yaxınlığında Misir tərəfdə 3 min ton humanitar yardım daşıyan 200-dən çox yük maşını gözləyir.