İsrail cümə axşamı qüvvələrinin Qəzza zolağında quru əməliyyatına hazırlaşdığını, lakin belə bir hücumla bağlı heç bir qərar verilmədiyini bildirib.
İsrail girovlar azad edilənə qədər Qəzzanın mühasirəsinə son qoymayacağına söz verib.
İsrail ordusu HƏMAS-ın İsraildə azı 1200 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab olaraq, Qəzza sərhədi yaxınlığına ehtiyatda olan 300 min əsgərini yerləşdirib. HƏMAS-ın şənbə günü hücumundan saatlar sonra başlayan İsrailin hava zərbələri kampaniyası Qəzzada 1200 nəfərin ölümünə səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, Qəzzada 340 000-ə yaxın insan evini tərk edib, onların üçdə ikisindən çoxu BMT məktəblərinə sığınıb.Humanitar təşkilatlar İsrailin Qəzzanı blokadası fonunda ərzaq, su, yanacaq və dərman tədarükü ilə bağlı həyəcan təbili çalıb.
ABŞ Dövlət katibi Antoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu, prezident İsaak Hertsoq və digər rəsmilərlə danışıqlar aparmaq üçün cümə axşamı İsrailə gedib.
“Biz qətiyyətlə terrora qarşıyıq. Biz HƏMAS-ın israilli kişilərə, qadınlara və uşaqlara qarşı törətdiyi demək olar ki, təsvir oluna bilməyən hərəkətlərini gördük. Hər gün daha çox şey öyrənirik və bu, sadəcə olaraq ürək ağrıdır" - deyə, Blinken jurnalistlərə bildirib.
Blinken həmçinin İordaniyaya səfər edəcək. ABŞ rəsmisi cümə günü orada Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas və İordaniya kralı II Abdulla ilə görüşəcəyini bildirib.
Cümə günü BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliya İsrail-HƏMAS münaqişəsini müzakirə etmək üçün şuranın iclasını keçirəcək.
NATO cümə axşamı müdafiə nazirlərinin Brüsseldə görüşü zamanı HƏMAS-ın hücumunu pislədiyini, İsraillə həmrəy olduqlarını və militantların bütün girovları dərhal azad etməyə çağırdığlarıını bildirib. NATO-nun Baş katibi Yens Stoltenberq “İsrail tək deyil" deyib.
İsrailin müdafiə naziri Yoav Qallant video-konfrans vasitəsilə NATO müdafiə nazirlərini münaqişə ilə bağlı məlumatlandırıb.
Prezident Co Bayden Vaşinqtonun İsrailə dəstəyini bir daha təkrar edib və çərşənbə günü Ağ Evdə bir qrup yəhudi liderinə administrasiyasının “İsraildəki girov böhranının bütün aspektləri üzərində işlədiyinə” əmin edib.