İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) birgə keçirdikləri gecə əməliyyatı zamanı Qəzza zolağındakı Xan Yunis bölgəsindən altı girovun cəsədini geri qaytarıb.
İsrail Müdafiə Qüvvələri və Şin Betin birgə bəyanatında girovların adlarının Yagev Buxştab, Aleksander Dantsiq, Abraham Munder, Yoram Metzger, Nadav Poplevell və Xaim Perry olduğu göstərilib.
Qurbanların ailələrinə məlumat onların şəxsiyyətlərinin Milli Məhkəmənin Tibb İnstitutu və İsrail polisi tərəfindən müəyyən edilməsindən sonra verilib.
İsrailin baş naziri Binyamin Netanyahu X sosial şəbəkəsində ölən girovların ailələrinə başsağlığı verib.
"Bu gün qüvvələrimiz HƏMAS terror təşkilatı tərəfindən oğurlanan 6 nəfərin cəsədini geri qaytarıb. Bu dəhşətli itkiyə görə ürəyimiz ağrıyır," o bildirib və göstərdikləri cəsarət və qətiyyətə görə İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidmətinə təşəkkür edib.
"İsrail dövləti oğurlanmış bütün sağ qalan və ölən girovları geri qaytarmaq üçün hər cür səy göstərməyə davam edəcək" - deyə, o əlavə edib.
Altı girov HƏMAS-ın başçılıq etdiyi militantların oktyabrın 7-də sərhədi keçərək, əksəriyyəti mülki vətəndaşlar olmaqla, təxminən 1200 nəfəri öldürdüyü hücum zamanı girov götürülən 250 nəfər arasında olub. Onlarla insanın hələ də HƏMAS tərəfindən saxlandığına inanılır.
HƏMAS-ın nəzarətində olan səhiyyə orqanlarının məlumatına görə, İsrailin əks-hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 40 mindən çox fələstinli həlak olub. İsrail hərbi qüvvələri ölənlərin sayına öldürülən minlərlə HƏMAS militantının daxil olduğunu bildirir.