Benyamin Netanyahu: Razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir

İsrailin baş naziri İranla əldə edilən razılığı tənqid edib. Benyamin Netanyahu deyib ki, razılıq dünyanın ən terrorçu ölkəsinə nüvə infrastrukturu bəxş edir.

NBC tele-kanalına müsahibə verən İsrail lideri bildirib ki, Tehrana qarşı sanksiyalar olmasa idi, İran terror maşınına milyardlarla pul xərcləməklə Yaxın Şərqi fəth edərdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qərbin nüvə sazişindən çıxdığı təqdirdə Tehranın nüvə fəaliyyətlərini eyni şəkildə davam etdirəcəyini deyib.

Zərif İrana qarşı bütün iqtisadi və maddi sanksiyaların ləğv edilməli olduğunu vurğulayıb.

ABŞ prezidenti bildirib ki, biz tərəfdaşlarımız və müttəfiqlərimizlə bərabər İranla tarixi bir anlaşma əldə etmişik.

“Bu, İranı nüvə silahı istehsalından çəkindirəcək, ölkəmiz, müttəfiqlərimiz və bütün dünyanı təhlükəsiz yerə çevirəcək bir anlaşmadır”-deyə Barak Obama həftəlik müraciətində qeyd edib.

Prezident deyib ki, razılıq gərgin bir diplomatiyanın nəticəsidir. O, sənəddə İranın nüvə proqramının məhdudlaşdırılması və nüvə silahı əldə edilməsinə yol verilməməsi kimi mühüm fikir ayrılıqlarının həllinin yer aldığını vurğulayıb.

İran prezidenti Qərblə əldə edilən razılığın İranın nüvə haqlarını müdafiə etməklə yanaşı, ölkəni sanksiyalardan azad edəcəyini bildirib.

Həsən Ruhani deyib ki, razılıq İranın öz ərazisində uran zənginləşdirilməsi və bunun dinc mahiyyət daşıdığının qəbul edildiyi deməkdir.

İranın dövlət başçısı nüvə proqramının region və dünyada heç bir dövlət əleyhinə yönəlmədiyini vurğulayıb. O, qarşı tərəfin vədlərinə əməl etdiyi təqdirdə, İranın da razılığın şərtlərini pozmayacağını bildirib.