İsrail Livanda Hizbullaha qarşı genişmiqyaslı hücumlara başlayıb

İsrail və Hizbullah militantları arasında münaqişənin şiddətləndiyi və müharibənin genişlənəcəyi qorxusunun artdığı bir vaxt İsrail qüvvələri bazar ertəsi Livanın cənubuna genişmiqyaslı hava hücumları həyata keçirib. Yeni hava hücumları nəticəsində azı 180 nəfərin öldüyü, 700-dən çox insanın yaralandığı bildirilib.

İsrail ordusu 300-dən çox hədəfə hücum etdiyini, Livanın dövlət xəbər agentliyi isə ölkənin cənub hissəsindəki bir çox bölgəyə güclü zərbələr endirdiyini bildirib.

İsrail hərbçiləri Livanın şərqindəki Bekaa vadisinin sakinlərinə Hizbullahın silah anbarlarından uzaq durmaları barədə xəbərdarlıq edib.

İsrail ordusunun sözçüsü, kontr-admiral Daniel Haqari jurnalistlərə "Biz İsrail ərazisinə qarşı hücumların qarşısını almaq üçün Hizbullah-n hazırlıqlarını izləməyə davam edirik və Hizbullaha qarşı zərbələrimizi sistemli şəkildə genişləndiririk" deyib.

Minlərlə insan Beyruta gedən əsas magistral yolu bağlayaraq Livanın cənubuna qaçıb.

Haqarinin dediyinə görə, Hizbullah raketlər, pilotsuz uçuş aparatları və digər silahlarını mülki ərazilərdə saxlayır və İsrail Livan vətəndaşlarına Hizbullahın olduğu əraziləri boşaltmalarını tövsiyə edib.

Haqari "Biz müharibədəki bütün məqsədlərimizə çatmaq üçün fəaliyyət göstəririk. Qəzzədə HƏMAS-ı dağıtmaq və bütün girovları evlərinə qaytarmaq, şimalda isə Hizbullah-ın yaratdığı təhlükəni aradan qaldırmaq və İsrailin şimalından olan sakinlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasına şərait yaratmaq üçün” deyib.

İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri bazar ertəsi səhər İraqdakı iranpərəst militant qruplaşmanın buraxdığı pilotsuz uçuş aparatını ələ keçirib.

İraqdakı İslam müqaviməti İsrail bazasını hədəf aldığını bildirib.

Son bir həftə ərzində İsrail-Livan sərhədində döyüşlərin intensivləşməsi ABŞ Dövlət Departamentini yenidən ABŞ vətəndaşlarını hələ də seçim imkanları olduğu halda kommersiya uçuşları ilə Livanı tərk etmələri ilə bağlı xəbərdarlığa vadar edib.

Bazar günü də Hizbullah və İsrail qüvvələri bir-birinə yüzlərlə raket atıb. İsrailin baş naziri Benyamin Netanyahu isə İsrailin şimalında təhlükəsizliyi bərpa etmək üçün “nə lazımdırsa” edəcəyinə söz verib.

Netanyahu deyib ki, İsrail son günlər “Hizbullaha heç vaxt ağlına belə gətirmədiyi bir sıra zərbələr vurub” və bunu “mesaj” adlandırıb.

Hizbullahın baş katib müavini Naim Qassem Hizbullahın İsrailə qarşı mübarizəsinin yeni mərhələsinə başladığını və bunu “qeyri-müəyyən müddətli hesablaşma döyüşü” olaraq xarakterizə etdiyini deyib.

ABŞ-ın milli təhlükəsizlik üzrə sözçüsü Con Kirbi bazar günü ABC News kanalının "Bu həftə" verilişində deyib ki, İsrail və Hizbullah münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün təmkinli olmalıdır.

Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumu ilə başlayıb. Bu hücum zamanı fələstinli militantlar 1200-ə yaxın insanı öldürüb, 250-yə yaxınını girov götürüb. Onlar hələ də 100-ə yaxın əsiri saxlayır ki, onlardan üçdə birinin öldüyü güman edilir.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla, 41 400-dən çox fələstinli öldürülüb, İsrail ordusu isə ölənlər arasında minlərlə HƏMAS döyüşçüsünün olduğunu deyir.