İsrail prezidenti Almaniya parlamentində çıxış edib

Israil Prezidenti Isaak Herzoq

İsrail prezidenti çərşənbə axşamı Almaniya parlamentində çıxışı zamanı Üçüncü Reyx dövründə törədilən vəhşiliklər haqda danışıb. Eyni zamanda o, Holokostun sona çatmasından sonra iki ölkə arasında yaranmış yaxın və dostluq münasibətlərini yüksək qiymətləndirib.

İkinci Dünya Müharibəsi zamanı altı milyon avropalı yəhudi alman nasistləri və onların əlaltıları tərəfindən öldürülüb.

“Bəşər tarixində heç vaxt nasistlərin və onların əlaltılarının yəhudi xalqını məhv etmək üçün apardıqları kampaniya kimi kampaniya olmayıb,” İsrail prezidenti İsaak Herzoq Bundestaqda qanunvericilərə deyib.

“Tarixdə heç vaxt bir dövlət nasist Almaniyası kimi bütün insanlıq görünüşünün itirilməsinə, bütün mərhəmətin silinməsinə, dünya miqyasında bütöv bir xalqın belə dəhşətli qəddarlıqla məhv edilməsinə nail olmağa görə məsuliyyət daşımayıb” - deyə, o bildirib.

Herzoq 1945-ci ilin aprelində Almaniyanın şimalındakı Bergen-Belsen əsir düşərgəsini Britaniya qüvvələrinin zabiti kimi azad edənlər arasında olan atası, İsrailin keçmiş prezidenti Xaim Herzoq haqqında da danışıb.

“Şahid olduğu dəhşətləri mənə necə təsvir etdiyini heç vaxt unutmayacağam. Qoxu. Zolaqlı pijamada insan skeletləri, qalaq-qalaq cəsədlər, dağıntılar, yer üzündə cəhənnəm,” İsrail prezidenti alman qanunvericilərinə deyib.

Çıxışından sonra Herzoq və Ştaynmayer həyat yoldaşlarının müşayiəti ilə Berlinin əlamətdar Brandenburq qapısı yaxınlığında, 2700 boz beton plitədən ibarət “Qətlə Yetirilən Yəhudilərin Memorialı”nı ziyarət edib və Holokost qurbanlarının xatirəsinə əklillər qoyub.

Çərşənbə axşamı günortadan sonra prezidentlər keçmiş əsir düşərgəsinin olduğu əraziyə baş çəkməyə hazırlaşır. Xatirə yeri ilə tanışlıqdan sonra onların sağ qalanlarla və alman lisey şagirdləri ilə görüşləri gözlənilir.

Herzoq iki ölkə arasında sıx əlaqələri və antisemitizmlə mübarizədə birgə öhdəliklərini yüksək qiymətləndirib.

“İsrail və Almaniya arasındakı tərəfdaşlıq dünya şöhrəti qazanıb və biz təkcə ölkələrimizin deyil, bütün bəşəriyyətin parlaq gələcəyi naminə onu dərinləşdirməyə və inkişaf etdirməyə davam etməliyik,” o, parlamentdə deyib.