HƏMAS-ın hücumu və İsrailin cavabı nəticəsində ölənlərin sayı 1200 nəfərə çatıb

İsrail ordusunun Qəzza Zolağına zərbələr endirdikdən sonra yaranan yanğın və tüstü. (9 oktyabr, 2023)

İsrail rəsmiləri oktyabrın 9-u günortadan sonra iki gün öncə HƏMAS hücumuna məruz qalan şəhərlərə nəzarəti bərpa etdiklərini bildiriblər.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza Zolağı ilə sərhəddəki bütün yaşayış məntəqələrinə nəzarətin bərpa olunduğunu bəyan edib. Onun sözlərinə görə, son bir neçə saat ərzində qoşunlarla HƏMAS yaraqlıları arasında toqquşmaların sayı az olub.

Haqari onu da qeyd edib ki, artıq heç bir yedə döyüş getməsə da, yaraqlılar hələ də İsrail ərazisində ola bilər. İsrail Müdafiə Qüvvələri həmçinin Fələstinin hava qüvvələrinin sərhəd yaxınlığında yerləşən Qvaram kibbutzuna (İsraildə kollektiv icma növü) növbəti sızma ehtimalı barədə xəbərdarlıq edib.

Haqari həmçinin oktyabrın 7-də döyüşlər başlayandan bəri İsrailə 4400-ə yaxın raket atıldığını və 48 saat ərzində İsraildə 300 min ehtiyatda olan əsgərin səfərbər edildiyini bildirib.

İsrailin müdafiə naziri Qəzza Zolağının tam mühasirəyə alınması barədə göstəriş verib.

"Mən Qəzza Zolağının tam mühasirəyə alınmasını əmr etdim. Elektrik, ərzaq, yanacaq olmayacaq, hər şey bağlı olacaq." - Yoav Qallant bildirib.

Son hadisəyə qədər İsrail Qəzzanı pulsuz elektrik enerjisi ilə təmin edirdi.

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzza Zolağındakı hədəflərinə zərbələr endirməyə davam etdiyini bildirib. Xüsusilə, oktybarın 9-u günorta saatlarına olan məlumatlara əsasən, silah anbarı və HƏMAS liderlərinin istifadə etdiyi tunel girişinə zərbələr endirilib.

Bundan əlavə, "İslami Cihad" terror təşkilatının Zeytun rayonundakı məsciddə yerləşən əməliyyat qərargahı və HƏMAS terror təşkilatının Xan Yunisdəki qərargahı da hücuma məruz qalıb.

O cümlədən, HƏMAS militantlarının Qəzza Zolağından İsrail ərazisinə keçməyə cəhd edən avtomobilə də havadan zərbə endirdiyi bildirilir.

Times of Israel orduya istinadən oktyabrın 9-na keçən gecə İsrail hava qüvvələrinin HƏMAS qruplaşmasının infrastrukturunu məhv etmək üçün Qəzza Zolağına da zərbələr endirdiyini yazıb.

Hərbi Hava Qüvvələrinin vurduğu hədəflər arasında bir neçə komanda məntəqəsi, HƏMAS yaraqlılarının yerləşdiyi bina, HƏMAS-ın Hərbi Dəniz Komandanlığı Mərkəzi, HƏMAS-ın məsciddə yerləşdiyi obyekt və militantların kəşfiyyat üçün istifadə etdiyi digər obyektlərin olduğunu bildirib.

Zərbələrə cavab olaraq HƏMAS militantları İsrailin bombardmanları nəticəsində əsir düşmüş məhbusların həlak olduğunu iddia edib.

Reuters xəbər agentliyi HƏMAS sözçüsü Əbu Übeydə istinadən "Dünən gecə və bu gün Qəzza Zolağının bombalanması dörd düşmən məhbusunun və onları əsir alanların ölümü ilə nəticələndi" deyə, xəbər verib. Bu məlumatın müstəqil təsdiqi yoxdur.

Bazar ertəsi günorta saatlarında İsraildə ölənlərin sayı 700, Qəzzada isə təxminən 500 nəfər olub. Ölənlərin sayının artacağı gözlənilir. Hər iki tərəfdən minlərlə insan yaralanıb.

ABŞ Dövlət Departamenti ölənlər arasında 9 amerikalının olduğunu, digər ABŞ vətəndaşlarından isə heç bir xəbər alınmadığını bildirib.