İsraildə müharibə on gündür davam edir. Müharibə oktyabrın 7-də səhər HƏMAS və İslami Cihad militantlarının Qəzza zolağından kütləvi raket hücumları, ölkəyə daxil olması və əsirlərin girov götürülməsi ilə başlayıb. Son məlumatlara görə, hücum nəticəsində 1400-dən çox israilli ölüb, daha 3400-ə yaxın insan isə yaralanıb. İsrail buna cavab olaraq bir neçə gündür Qəzza zolağına kütləvi hava zərbələri endirir.
ABŞ prezidenti Co Bayden deyib ki, HƏMAS hərəkatı məhv edilməlidir. "Bəli, mən belə hesab edirəm. Amma Fələstin administrasiyası olmalıdır. Fələstin dövlətinə gedən yol olmalıdır", deyə Bayden bildirib.
Prezident xəbərdarlıq edib ki, Hizbullah və HƏMAS-ın məhv edilməsi "zəruri" olsa da, İsrailin Qəzzanı işğal etməsi səhv olacaq.
Bayden İsrailin ABŞ ordusunun yardımına ehtiyacı olduğunu düşünmədiyini deyib. Prezident deyib ki, İsrail ordusu dünyanın "ən güclü ordularından biridir", lakin İsrailin şimal sərhədində Livanla artan toqquşmalar fonunda ABŞ-ın hərbi gəmiləri bölgəyə göndərilib.
İsrailin BMT-dəki səfir buna dərhal cavab verib. "Biz Qəzzanı işğal etməkdə və ya Qəzzada qalmaqda maraqlı deyilik. Lakin biz sağ qalmaq üçün mübarizə apardığımıza görə, prezidentin [Baydenin] özünün müəyyən etdiyi kimi, bunun yeganə yolu HƏMAS-ı məhv etməkdir. Buna görə də biz onların potensialını məhv etmək üçün lazım olan hər şeyi etməliyik" - deyə, Gilad Erdan bildirib.
İsrailin "Kanal 12" xəbərlərində İsrailin oktyabrın 16-na keçən gecə Qəzza zolağında azı 50 hədəfi vurduğunu, müşahidə məntəqələrini, komanda mərkəzlərini və raket buraxılış qurğularını məhv etdiyini iddia edib. “Reuters” xəbər agentliyinin fələstinlilərə istinadən verdiyi məlumata görə, keçən gecə həyata keçirilən hava hücumları Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından bəri ən güclü hücumlar olub. İsrail Müdafiə Qüvvələri zərbələrin görüntülərini yayımlayıb.
İsrail Müdafiə Qüvvələri oktyabrın 16-da Qəzza zolağındakı təxminən 250 hərbi obyektə zərbələr endirdiyini bildirib. Hədəflər HƏMAS və İslami Cihadın hərbi qərargahları, müşahidə məntəqələri və bir neçə raket buraxılış məntəqəsi olub. Məlumatda bildirilib ki, əməliyyat zamanı HƏMAS-ın cənub milli təhlükəsizlik bölgəsinin komandiri Mataz Eyd öldürülüb.
Vəziyyətin gərginləşməsi fonunda İsrail ordusu Hizbullahın Livanla sərhəddəki hədəflərinə də hücumlar həyata keçirib. Oktyabrın 15-də bir neçə yerdə İsrail hərbçiləri ilə qruplaşmanın militantları arasında atışma olub.
Atışma zamanı BMT sülhməramlılarının qərargahına da zərər dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Mərminin hansı tərəfə aid olduğu məlum deyil.