İsrail atəşkəsin bir gün də uzadılmasına razılıq verib

İsrail HƏMAS-la atəşkəsin azı bir gün də uzadılmasına razılıq verdiyini bildirib.

İsrail Müdafiə Qüvvələri Twitter səhifəsində ivrit dilində "Vasitəçilərin qaçırılanların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq, atəşkəs davam edəcək" yazıb.

Bəyanat atəşkəsin bitməsinə təxminən 15 dəqiqə qalmış verilib.

Xəbər verildiyinə görə, İsrail atəşkəs uzadıldığı müddətdə HƏMAS-ın təklif etdiyi azad ediləcək girovların siyahısından narazı qalıb.

HƏMAS-ın dediyinə görə, İsrail 7 qadın və uşaq girovu, eləcə də militantların İsrailin bombardmanı zamanı öldürüldüyünü dediyi daha 3 nəfərin cəsədi ilə bağlı təklifini rədd edib. HƏMAS açıqlamasında bu 10 nəfərin onun nəzarətində olan yeganə qadın və uşaq girov olduğunu bildirib.

HƏMAS militantları çərşənbə günü, döyüşən tərəflər arasında atəşkəsin altıncı günü 16 girovu azad edib. Bu arada isə müzakirəçilər döyüşlərdəki fasiləni uzatmaq və İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi müqabilində daha çox girovu azad etmək üçün çalışıb.

HƏMAS 5 israilli qadını, 3 uşağı, 2 gənci və 4 Tailand vətəndaşını azad edib. Qrup daha əvvəlki bir açıqlamasında 50 və 73 yaşlı iki rus mənşəli israilli qadını azad etdiyini bildirib. Bunun müqabilində İsrail cümə axşamı səhər tanınmış fəal Ahed Tamini də daxil olmaqla, 30 fələstinlini həbsdən azad edib.

ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib. Daha əvvəl o, Brüsseldə jurnalistlərə bildirib ki, atəşkəsin uzadılması "daha çox girovun evə qayıdacağı, Qəzzada didərgin düşmüş fələstinlilərə daha çox [humanitar] yardımın çatdırılacağı anlamına gəlir".

ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşüb. Görüşün əvvəlində Blinken Herzoqa deyib ki, Birləşmiş Ştatlar atəşkəsin nəticə verdiyinə və davam etməli olduğuna inanır. "Biz son bir həftə ərzində girovların evə qayıtması, ailələrinə qovuşmasının çox müsbət inkişafını gördük və bu, bu gün də davam etməlidir. Bu həm də Qəzzada son dərəcə ehtiyacı olan günahsız mülki vətəndaşlara humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına imkan verir" - deyə, o bildirib.

Herzoq açıqlamasında cümə axşamı səhər iki silahlı fələstinlinin Qüdsdə azı 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən hücumunun İsrailin "terror təşkilatlarına, əsasən də HƏMAS-a qarşı sonsuz mübarizəsinin" nümunəsi olduğunu qeyd edib.