İsraillə HƏMAS arasındakı döyüşlər nəticəsində itkilər artdıqca, zorakılıqlara məruz qalanların amerikalı qohumları dostlarını və yaxınlarını itirməkdən kədərlənir. Nyu Yorkdakı müxbirimiz Aron Ranen bu münaqişədə qohumları olan insanlarla danışıb.
HƏMAS-ın oktyabrın 7-də girov götürdüyü 240 nəfər arasında İsrail Müdafiə Qüvvələrində xidmət edən ABŞ vətəndaşı Omer Neytra da var.
Onun viran qalan valideynləri - Nyu-York ştatının Lonq Aylend (Long Island) şəhərində yaşayan Orna və Ronen Neytralar bunun öhdəsindən gəlməyə çalışır. Orna Neytra: "Bu, ağlasığmazdır, elə deyilmi? Və bu, bizim reallığımıza çevrilib. Bu bir ay üç ay kimi gəlir, sonra yenə dünən kimi hiss olunur."
Ronen Neytra: "Bizim və 240 digər ailənin yaşadığı qeyri-müəyyənlik sadəcə dözülməzdir".
Neytralar Zoom vasitəsilə onlarla danışan prezident Co Baydenin oğullarının geri qaytarılmasını təmin edə biləcəyinə ümid edirlər. Ronen Neytra: "Əvvəlcə bizə dedilər ki, o, bizə 10-15 dəqiqə vaxt verəcək. O, bizimlə bir saatdan çox vaxt keçirdi və həqiqətən də özünün və administrasiyasının bu problemi həll etmək üçün tam öhdəliyini ifadə etdi və özünün dediyi kimi, bu onun əsas prioritetidir."
Nyu York ştatında yaşayan digər sakinlər də çətinliklə üzləşir. Nyu Cersidə yaşayan fələstinli amerikalı vəkil və iş adamı Sami Şaban deyir ki, onun ailə üzvlərindən çoxu son həftələr İsrailin Qəzzanı atəşə tutması nəticəsində həlak olub. Sami Şaban: "Deməli, bu, ölən əmim Məhəmməddir. Bu onun arvadı, bu onun bütün ailəsi, bu mənim əmim oğlu Abdulla Məhəmməddir. Bu şəkildəki hər kəs ölüb. Beləliklə, mən ümumilikdə 17 ailə üzvümü itirmişəm".
Şaban hesab edir ki, bu münaqişə illərlə davam edə bilər. "Ölüm onların ətrafındadır. Dağıntılar var və bunu dərk etmək mümkün deyil. Bu gün baş verənlər yalnız 10, 20, 30 ildən sonra da hiss edəcəyimiz bir şey olacaq".
İndianadakı Notr-Dam Universitetində sülh tədqiqatları üzrə professor Liza Şirç onilliklərlə davam edən münaqişənin siyasi həlli üçün potensial görür. "Bu böhrandan və dəhşətli dövrdən çıxdığımız zaman İsrail və Fələstinlə münasibətlərdə yeni bir paradiqmaya sahib olmaq və Qəzzada hər bir uşağın qəzəb hissi ilə böyüməməsini təmin etmək İsrailin marağındadır. Bu qəzəb oktyabrın 7-də heç bir qəzəbin bəraət qazandıra bilməyəcəyi müharibə cinayətləri ilə kabusa çevrildi. Hər kəsin fayda qazandığı bir həll yolu israillilər və fələstinlilər üçün real təhlükəsizliyi təmin edəcək bir yoldur."
Bu arada onların ABŞ-dakı yaxınları xəbərlərə baxır və gözləyir.