İsrail və Livan arasında sərhəd intensiv raket atəşinə tutulur

Fələstin rəsmilərinin bildirdiyinə görə, keçən gecə Qəzza zolağında İsrailin çoxsaylı hücumları nəticəsində 15 nəfər ölüb.

Qəzzanın Mülki Müdafiə İdarəsi cümə günü səhər tezdən Qəzza şəhərində bir ailənin evinə edilən hava hücumu nəticəsində naməlum sayd uşaqlar da daxil olmaqla, 6 nəfərin öldüyünü bildirib. Bir nəfər isə Qəzza şəhərində küçədə bir qrup insana zərbə endirilməsi nəticəsində həyatını itirib.

İsrail yalnız militantları hədəf aldığını iddia edir və HƏMAS və digər silahlı qruplaşmaları yaşayış məntəqələrində fəaliyyət göstərərək, dinc əhaliyə təhlükə yaratmaqda ittiham edir. Ayrı-ayrı zərbələr barədə nadir hallarda məlumat verən hərbçilər son hücumlarla bağlı şərh verməyib.

Qəzzanın Səhiyyə Nazirliyi HƏMAS-ın oktyabrın 7-də terror hücumundan sonra bu ərazidə 41 mindən çox fələstinlinin öldürüldüyünü bildirib. Nazirlik öz hesablamalarında döyüşçülər və mülki şəxslər arasında fərq qoymur və öldürülənlərin yarısından bir qədər çoxunun qadın və uşaqlar olduğunu deyir.

İsrail sübut təqdim etmədən 17 mindən çox militantın öldürdüyünü bildirir.

Bu arada, Livanda Hizbullah lideri İsrailin müdafiə nazirinin müharibənin "yeni mərhələsini" elan etməsindən sonra rabitə cihazlarına edilən ölümcül hücumlara görə qisas alacağını vəd edib. Tərəflər arasında 11 aydır davam edən atışmaların genişmiqyaslı müharibəyə çevriləcəyi ilə bağlı qorxular artır.

Hizbullah HƏMAS-ın oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinə səbəb olan hücumundan dərhal sonra İsraili atəşə tutmağa başlayıb. Onlar bir neçə dəfə tam müharibə həddinə yaxınlaşıb. HƏMAS ABŞ tərəfindən terror qruplaşması kimi tanınır.

Müharibə HƏMAS-ın başçılıq etdiyi militantların oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, 1200-ə yaxın insanı öldürməsindən sonra başlayıb. HƏMAS militantları 250 nəfəri qaçırıb və onlardan 100-ü hələ də girov saxlanılır. Girovların əksəriyyəti noyabr ayında bir həftəlik atəşkəs zamanı İsraildə saxlanılan fələstinli məhbuslar müqabilində sərbəst buraxılıb. Qəzzada qalan girovların təxminən üçdə birinin artıq öldüyü güman edilir.

Müharibə Qəzzada böyük dağıntılara və 2,3 milyonluq əhalinin təxminən 90 faizinin didərgin düşməsinə və ərazidə kəskin humanitar böhrana səbəb olub.