İsrail Qəzzaya hava hücumu həyata keçirib

İsrail ordusu çərşənbə günü bildirib ki, raket atəşinə cavab olaraq, Qəzza zolağında şübhəli HƏMAS yaraqlılarının istifadə etdiyi silah istehsalı zavoduna hava zərbələri endirib.

İsrail ordusu daha əvvəl İsrail ərazisinə atılan beş raketin hamısını vurduğunu bildirib.

Fələstinin silahlı qruplaşmalarının üzvlərini və silahlarını axtarmaq üçün reydlər keçirdikdən sonra İsrail əsgərləri İordan çayının qərb sahilindəki qaçqın düşərgəsini çərşənbə axşamı tərk edib.

İki gün davam edən əməliyyatda mindən çox İsrail əsgəri iştirak edib və azı 12 fələstinli həlak olub. HƏMAS üzvlərindən birinin öldürüldüyünü, İslami Cihad isə ölənlər arasında dörd üzvünün olduğunu bildirib. İsrail bir əsgərinin öldüyünü bəyan edib.

İsrail ordusu düşərgəni tərk etdikdən və döyüşlərdən qaçan sakinlər geri qayıtmağa başladıqdan sonra Cenin xəstəxanasının yaxınlığında partlayış və atışma səsləri eşidilib.

"Bu dəqiqələrdə biz missiyanı tamamlayırıq və deyə bilərəm ki, Cenindəki geniş əməliyyatımız birdəfəlik deyil" - deyə, baş nazir Benyamin Netanyahu yaxınlıqdakı hərbi keçid məntəqəsində olarkən bildirib.

İsrail ordusu 120 silahlı şübhəlini saxladığını, Cenində silah anbarları və partlayıcı maddələrin ələ keçirildiyini bildirib.

Fələstinin Qırmızı Xaç təşkilatının bildirdiyinə görə, İsrail bazar ertəsi reydə başlayandan bəri düşərgədən təxminən 3000 nəfər evakuasiya edilib.

Fələstin prezidentinin sözçüsü Nabil Əbu Rudeineh deyib ki, "Fələstin xalqımız bu amansız təcavüzə qarşı diz çökməyəcək, təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və öz torpağında möhkəm qalacaq."

Fələstinlilər, qonşu İordaniya, Misir və 57 ölkənin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı zorakılıqları pisləyib.


.