İsrailin HƏMAS-a qarşı döyüşləri Qəzza şəhərində davam edir

Keçən ay HƏMAS-ın ölümcül hücumundan və İsrailin hərbi əməliyyatlara başlamasından sonra Fələstinin mülki əhalisinin bölgəni tərk etdiyi bir vaxt, İsrail qüvvələri cümə axşamı da Qəzza şəhərində HƏMAS militantlarına qarşı hücumlar həyata keçirib.

Qəzza zolağının ən böyük şəhərində qurudan aparrılan döyüşlərlə yanaşı İsrail qüvvələri əraziyə havadan da zərbələr endirib.

Döyüşlər kütləvi yerdəyişmələrə səbəb olub. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi çərşənbə günü 50 min insanın Qəzza zolağının cənub hissəsinə qaçdığını bildirib.

Bu rəqəm bu həftə ən yüksək göstərici olub. BMT bazar günündən bəri Qəzzanın şimalından ümumilikdə 72 min insanın təxliyə edildiyini bildirib.

İsrail bazar günü Qəzzanın şimalı ilə cənubunu birləşdirən əsas yol boyunca evakuasiya dəhlizi açıb. Mülki əhalinin döyüşlərin episentrini tərk etməsi üçün dəhliz hər gün dörd saat açıq qalır. İsrail Müdafiə Qüvvələri çərşənbə günü bildirib ki, bölgəni çox sayda insan tərk etdiyinə görə dəhlizdən keçid müddəti əlavə bir saat uzadılıb.

BMT və digər yardım qrupları onları şimal və cənubu ayıran xətdən keçərkən su və yüksək enerjili şirniyyatla ilə təmin edir.

Son bir həftədir yardım çatdırılması mümkün olmayan şimalda vəziyyət daha da ağırlaşıb. BMT-nin çərşənbə axşamına olan məlumatına görə, yanacaq, su, un çatışmazlığı və binalara dəyən zərərə görə orada heç bir çörək zavodu fəaliyyət göstərmir.

İsrail HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda əksəriyyəti mülki şəxslər olmaqla, 1400-dən çox insanın ölümünə səbəb olan terror hücumuna cavab olaraq hücuma başlayıb. Həmas həmçinin 240-a yaxın insanı girov götürüb. ABŞ, Britaniya, Avropa İttifaqı və digər Qərb ölkələri HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.

HƏMAS-ın Qəzzada idarə etdiyi Səhiyyə Nazirliyi bildirib ki, İsrailin hücumları nəticəsində üçdə ikisi qadın və uşaqlar olmaqla, 10 500-dən çox insan həlak olub. Bu rəqəmləri müstəqil şəkildə yoxlamaq mümkün deyil. Lakin BMT nazirliyin göstərdiyi rəqəmlərin əvvəllər etibarlı olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının çərşənbə günü bildirdiyinə görə, Qəzzada yoluxucu xəstəliklərin sürətlə yayılması riski artır. Belə ki, cəsədlər binaların dağıntıları altında çürüyür, su və kanalizasiya sistemləri ciddi şəkildə pozulub. Kiçik uşaqlarda ishal halları, qaşınma, bit, dəri və yuxarı tənəffüs yollarının infeksiyaları kəskin şəkildə artıb.