İsrail ordusu İordan çayının qərb sahilindəki qarşıdurmada 2 fələstinlini öldürüb

Fələstinin səhiyyə rəsmiləri İsrail qüvvələrinin bazar ertəsi səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin yaşadığı Kəfr-Dan kəndinə girəndə başlayan atışma zamanı iki fələstinlininin öldürüldüyünü bildirib.

İsrail ordusu sentyabr ayında atışma zamanı bir İsrail əsgərini öldürən iki fələstinli silahlının evlərini sökmək üçün bazar günü axşam saatlarında Kəfr-Dana daxil olduğunu bildirib. Hərbçilərin dediyinə görə, əsgərlər güclü atəşə tutulub və cavab atəşi açıb.

Bu, İsrail-Fələstin gərginliyinin aylardır artdığı bölgədə son qarşıdurma olub. Bazar ertəsi İsrailin hüquq-müdafiə təşkilatı "B Tselem" bildirib ki, 2022-ci il fələstinlilər üçün 2004-cü ildən, Fələstin üsyanı zamanı başlayan zorakılıqlardan bəri ən ölümcül il olub.

Fələstin Səhiyyə Nazirliyi öldürülənlərin 21 yaşlı Samer Huşiyyə və 25 yaşlı Fuad Abid olduğunu açıqlayıb. Cenin şəhəri İbn Sina xəstəxanasının direktoru Samer Attiye bildirib ki, Huşiyəyə sinəsindən bir neçə dəfə atəş açılıb.

"Əl-Əqsa Şəhidləri Briqadası" adlı silahlı qrup daha sonra Huşiyyənin qrupun üzvü olduğunu iddia edib. Fələstin prezidenti Mahmud Abbasın "Fəth" partiyasının qolu olan qrup Huşiyyənin tüfənglə çəkdirdiyi köhnə fotosunu dərc edib.

Sosial mediada yayılan videoda Huşiyyənin cəsədinin silahlı qruplaşmanın bayrağına büküldüyünü görmək olub.

Öldürülən ikinci fələstinlinin yaraqlı qruplaşma ilə əlaqəsi olub-olmadığı dəqiqləşdirilməyib.

İsrail potensial hücumçuların qarşısını almaq üçün militantların evlərini sökdüyünü, tənqidçilər isə bu taktikanın kollektiv cəzaya bərabər olduğunu deyir.

İsrail ordusu keçən ilin baharından, fələstinlilərin israillilərə qarşı ardıcıl hücumları nəticəsində 19 nəfərin ölümündən sonra Fələstinin şəhər və qəsəbələrinə demək olar ki, hər gün reydlər keçirir.

"B Tselem"in hesablamalarına görə, keçən il İordan çayının qərb sahilində və şərqi Qüdsdə İsrail tərəfindən 150-yə yaxın fələstinli öldürülüb ki, bu, 197 fələstinlinin öldürüldüyü 2004-cü ildən bəri ən ölümcül il olub.

Yeni hücum dalğası payızda azı 9 israillininin ölümünə səbəb olub. İsrail ordusu öldürülən fələstinlilərin əksəriyyətinin militant olduğunu bildirir.