İsrail son altı ayda İordan çayının Qərb sahilində İsrail əsgərləri və mülki əhaliyə qarşı onlarla hücum həyata keçirən Fələstinin silahlı "Aslan Yuvası" adlı müqavimət qrupuna qarşı sərt tədbirlər görəcəyini vəd edib. İsrail qruplaşmanın terror təşkilatı olduğunu desə də, qrupun üzvləri İordan çayının Qərb sahilinin küçələrində qəhrəmandırlar.
Fələstinin Nablus şəhərinin hər yerində İsrail əsgərlərinə və mülki əhalisinə hücum edən fələstinli militantlardan ibarət yeni xüsusi "Aslan Yuvası" qrupun "şəhid" üzvlərinin xatirəsinin anıldığı plakatlar görmək olur. Son bir neçə ayda qrupun onlarla üzvü öldürülüb və ya həbs edilib. Nablus sakinləri onların azadlıq döyüşçüləri olduğunu deyir. Nablus sakini İmad Dibey: "İşğal mövcud olduğu müddətdə fələstinli gənclər və hətta uşaqlar da döyüşməyə davam edəcək. Biz işğala qarşı müxtəlif formalarda mübarizə aparırıq. Biz varıq və bu varlıq müqavimətdir. Biz işğala qarşı istənilən formada - daşla, silahla, nə ilə mübarizə apara biliriksə, onunla mübarizə aparırıq".
150-dən çox fələstinlinin və 25-dən çox israillinin öldürülməsi ilə on ildən çox müddətdə İsrail və Fələstin arasında zorakılıqların ən pis səviyyəsi 2022-ci ildə müşahidə edilib. Təxminən altı ay əvvəl Fələstinin hücumları dalğasına cavab olaraq İsrail ordusu İordan çayının Qərb sahilindəki Nablus və Cenin şəhərlərindəki silahlılara qarşı əməliyyata başladı.
Bu gün ordu militantları həbs etmək üçün Nablus ərazisinə tez-tez reydlərini davam etdirir ki, bu, çox zaman ölümcül toqquşmalarla nəticələnir. Nablus sakini Üsama Herzallah: "[Qardaşım] başına güllə dəyərək öldürüldü. O öz evinin girişində, qapısında dururdu. İsrail əsgərləri ilə qarşıdurma oldu və onlar onu başından güllələdi. Gərginliyin artmasına görə məsuliyyət İsrailin üzərinə düşür. Bizi işğal edib, daim reydlər keçirirlər".
Təxminən altı ay əvvəl Nablusda yaradılan "Aslan Yuvası"nın Fələstinin militant qrupları ilə əlaqəsi yoxdur və İsraillə əməkdaşlıq etdiyinə inandığı Fələstin Muxtariyyətinə qarşıdır. Yerli fələstinlilər çətin iqtisadi vəziyyətin və yüksək işsizlik səviyyəsinin bu gəncləri çıxılmaz vəziyyətə saldığını deyir və yeni ifrat sağçı İsrail hökumətinin siyasətinin çətinlikləri və zorakılıqları artıracağından narahatdır. Nablus şəhərinin meri Sami Hicavi: "Müqavimət, əlbəttə ki, artacaq, çünki Nyutonun üçüncü qanununa görə, hər bir hərəkətin əks təsiri var. İşlərin daha da pisləşəcəyini gözləmək normaldır".
İsrail "Aslan Yuvası"nı terror təşkilatı hesab edir. İsrailin hərbi rəsmiləri bu təşkilatın Fələstin Muxtariyyətinə hərbi alternativ olaraq, İran tərəfindən dəstəkləndiyini və maliyyələşdirildiyini deyir. Sabiq ordu komandiri Yaron Buskila: "Onlar Fələstin Administrasiyasının səsini eşitməyən yeni qrupu dəstəkləmək və sponsorluq etmək istəyirdi. Onlar silahlandırıla və İsrailə qarşı döyüşəcək növbəti qrup ola bilər. Beləliklə onlar qrupa Fələstin Muxtariyyətinə çox qəzəbli olan işini itirmiş insanları götürüb. Onlar silah qaçaqmalçılığına başlayıb, əsasən də İordaniyadan, İordaniya Nablusdan o qədər də uzaqda deyil".
İsrailin yeni sərt-xətt hökuməti fələstinli militantlara qarşı daha sərt mövqe tutacağına söz verib. Buradakı fələstinlilər isə mübarizəni dayandırmayacaqlarını deyir və bir çoxları qarşıdurmaların artacağını gözləyir.