İsrail səfiri: HƏMAS İsrailə qarşı Şimali Koreya silahlarından istifadə edir

İsrailin Cənubi Koreyadakı səfiri Pxenyanın internetdə yayılan ittihamların əsassız olduğunu deməsinə baxmayaraq, Fələstinin HƏMAS silahlı qruplaşmasının İsrailə hücum etmək üçün Şimali Koreya silahlarından istifadə etdiyinə inanır.

İsrailin 2020-ci ildən Cənubi Koreyada çalışan səfiri Akiva Tor şənbə günü Seuldan Amerikanın Səsinin Koreya xidmətinə telefonla HƏMAS militantlarının Şimali Koreya istehsalı olan silahlardan istifadə etdiyini bildirib.

"Bizə hücum edilən Qəzzada Şimali Koreya silahlarından orada istifadə edirlər. Ola bilər ki, Şimali Koreyanın bu silahları kifayət qədər uzun müddətdir İranda olub", Akiva Tor deyib.

"Biz Qəzzada o silahları məhv edəcəyik" - deyə, o əlavə edib.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edəndən bəri əvvəllər Twitter kimi tanınan X platformasında Şimali Koreya tərəfindən istehsal edilən F-7 reaktiv qumbaraatanların fotoşəkilləri yayılıb.

War Noir təxəllüsündən istifadə edərək, özünü silah tədqiqatçısı kimi təqdim edən bir şəxs raket və pulemyotların fotoşəkillərini yayımlayaraq, İsrail Müdafiə Qüvvələrinin Əl-Qəssam Briqadalarına aid Şimali Koreya istehsalı silahları Qəzza yaxınlığında ələ keçirdiyini iddia edib.

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin keçmiş zabiti, hazırda Texasdakı Ancelo Universitetində politologiya üzrə professor Brus Bextol Amerikanın Səsinin Koreya xidmətinə elektron poçt vasitəsilə bildirib ki, fotoşəkillərdəki F-7-lər "Şimali Koreya istehsalına bənzəyir".

"Belə görünür, HƏMAS-ın [istifadə etdiyi] silahların xeyli hissəsi Şimali Koreyadan gəlib", Bextol deyib.

Şimali Koreya cümə günü dövlətə məxsus KCNA agentliyi tərəfindən açıqlanan bəyanatda HƏMAS-ın onun silahlarından İsrailə hücum etmək üçün istifadə edildiyi barədə yayılan xəbərləri təkzib edib.