İspaniya hökuməti istehsal və tikinti sektoru işçilərinin işə qayıda biləcəyi barədə qərar verib

İspaniya koronavirusla bağlı bəzi məhdudiyyətləri zəiflədərək, bazar ertəsindən istehsal və tikinti sektorları işçilərlinin işə qayıda biləcəyini bildirib.

Lakin virusun yayılma təhlükəsi hələ də mövcud olduğu üçün şirkətlərdən işçilərini qoruyucu vasitələrlə təmin etməsi və işçilərin bir-birindən iki metr aralı məsafə saxlamasına dair tövsiyəyə əməl etməsi tələb olunur.

İspaniyada 165 mindən çox təsdiqlənmiş yoluxma, 17 min ölüm halı ilə koronavirusdan ən çox zərər çəkən ölkələrdən biridir. Ölkənin bir çox hissəsi bir aya yaxındır tam bağlıdır.

Ölkənin baş naziri Pedro Sançez bazar günü pandemiyanın tək sağlamlığa deyil, həm də iqtisadi və sosial baxımdan təhlükə olduğunu deyib.

"Beləliklə cavab yoluxmanın qarşısının alınması, səhiyyə sisteminin bərpası, eyni zamanda iqtisadiyyatımızın ölkədə iş yerlərinə zərərli təsir göstərərək, iflic vəziyyətinə düşməsi və çökməsinin qarşısını alan tədbirləri əhatə etməlidir" - deyə, Sançez bildirib.

Evdə karantin tədbirlərinin nə qədər davam etdirilməsi və iqtisadiyyatın funksiyasını bərpa etmək üçün insanların nə vaxt işə başlaması dünya ölkələrinin hökumətləri tərəfindən nəzərdən keçirilən bir qərardır.

Cənubi Koreyanın baş naziri Çan Si Kyun da bazar ertəsi rəsmilərlə sosial məsafə qaydalarının saxlanması ilə bərabər "bəzi iqtisadi və sosial fəaliyyətə" icazə verilməsi kimi yeni potensial yeni təlimatların müzakirə edildiyini bildirib.

ABŞ prezidenti Donald Tramp da iqtisadiyyatın ən qısa müddətdə normal vəziyyətə qayıtmasını istədiyinə işarə edib. Onun administrasiyası insanlara evdə qalmağı ayın sonuna qədər tövsiyə etsə də, ölkənin 50 ştatının əksər qubernatorları idman etmək və ərzaq alış-verişi istisna olmaqla, karantin haqda göstərişlər verib.