İspaniya höküməti Kataloniyanın separatçı liderinin dekabrda keçirilən seçkilərdə iştirak etməsinin qarşısını almayıb. Bazar günü İspaniyanın xarici işlər naiziri deyib ki, Kataloniyanın devrilmiş prezidenti Karl Puiqdemont həbs edilmədiyi təqdirdə partiyasının lideri olaraq namizədliyini irəli sürə bilər. Puiqdemontun höküməti Kataloniyanın Madriddən müstəqilliyini elan etməklə İspaniyada son onillərdə yaşanan ən böyük siyasi böhrana səbəb olub. Lakin katalanlar məsələ ilə bağlı fərqli fikirlərə sahibdir. Bazar günü regionun paytaxtı Barselonada yüz minlərlə insan İspaniyanın birliyinə dəstək məqsədilə yürüş keçirib.
Əminəm ki, dekabrın 21-də Kataloniyada harmoniya və birgəyaşayış qalib gələcək. Kataloniya qanunlar, katalanların ağlı və səsləri sayəsində İspaniyanın bir parçası olmağa davam edəcək.Pedro Sançez
Etirazçılar Barselona küçələrinə axışıb. Onlar İspaniyanın vahidliyinə dəstək olan mahnılar oxuyub, şüarlar səsləndirib. Sociedad Civil adlı vətəndaş cəmiyyəti təşkilatının təşkil etdiyi nümayiş katalon parlamentinin Kataloniyanı müstəqil respublika elan etməsindən iki gün sonraya təsadüf edib. Lakin bir çox katalan ayrılmaqda heç bir xeyir görmür.
“Mən vahid İspaniya istəyirəm. Müstəqillik tərəfdarları bizim yaratdığımız bu icmanı bölmək istəyir. Biz küçələrə çıxmışıq ki, onlar bizim var olduğumuzu görsün”, deyə Barselona sakini Casinto Matarekota bildirir.
Oktyabrın 1-də Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən mübahisəli refendumda səsvermə hüququna sahib insanların təkcə yarısı iştirak edib. Amma onların böyük əksəriyyəti müstəqilliyi dəstəkləyib. Cümə günü Kataloniyanın İspaniyadan ayrılmasına dair rəsmi açıqlama isə İspaniyada son onilləklərin ən böyük siyasi böhranına səbəb olub. Mərkəzi hökümət birtərəfli bəyannaməni qeyri-konstitusion adlandırıb və şənbə separatçı höküməti ləğv edib. Kataloniyanın prezidenti Karl Puiqdemont Madridin bu addımını çevriliş adlandırıb və istefaya getməyi rədd edib. Lakin bazar günü keçirilən böyük yürüş onu göstərir ki, 7,5 milyon katalanların hamısı onu dəstəkləmir.
Bazar günü İspaniyanın Sosialist İşçilər Partiyasının lideri deyib ki, separatçılar dekabrda keçiriləcək seçkidə məğlub olacaq.
“Birtərəflilik özünü idarə edən demokratiyanın və birgəyaşayışın sui-istifadəsidir. Ona görə də, hazırda bizim demokratiyaya, müxtariyyət nizamnaməsinə və seçkilərə ehtiyacımız var. Əminəm ki, dekabrın 21-də Kataloniyada harmoniya və birgəyaşayış qalib gələcək. Kataloniya qanunlar, katalanların ağlı və səsləri sayəsində İspaniyanın bir parçası olmağa davam edəcək”, deyə Pedro Sançez bildirib.
İspaniya höküməti Puiqdemontun dekabrda keçiriləcək seçkilərdə iştirakına qadağa qoymayıb. Amma əsas məsələ onun o zamanadək azadlıqda olub-olmayacağıdır.
“Mən dekabrın 21-dək nə cür ədliyyə prosesinin baş verəcəyini bilmirəm. Namizədlərin nə vaxtadək seçki komissiyası tərəfindən təsdiq olunmalı olduğunu da bilmirəm. Əgər o, həmin vaxta qədər həbs olunmasa, seçkidə iştirak etmək hüququna sahib olacaq. Yəni düşünürəm ki, istəsə, partiyası onun namizədləyini irəli sürə bilər”, İspaniyanın xarici işlər naziri Alfonso Dastis deyib.
Muxtar region yeni hökümət seçənədək İspaniyanın mərkəzi höküməti Kataloniyaya birbaşa nəzarət etməyə davam edəcək.