Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar gəlməkdədir

ABŞ hökuməti, ATƏT və başqa beynəlxalq qurumlar Azərbaycan hökumətini jurnalisti azad etməyə çağırır

ATƏT ölkələri nazirlərinin İsveçrədəki görüşündə çıxış edən ABŞ nümayəndəsi Daniel B. Baer Xədicə İsmayılın həbsi haqda məlumat aldığını və bundan dərin narahatlığını ifadə edib. «Azərbaycandan olan bu müstəqil jurnalisti çoxlarımız tanıyırıq,» deyə cənab Baer hadisələrin bu cür gedişatından narazılığını bildirib..

Azərbaycan hakimiyyətini media azadlığına zidd olan bu təcrübəni dayandırmağa çağırıram
Dunya Miyatoviç, ATƏT

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatoviç Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsini pisləyib.

«İsmayılın həbsi yalnız qorxutma kampaniyasının idarə olunmasıdır, bu, onun azad və tənqidi səsini susdurmağa yönəlmiş kampaniyanın bir hissəsidir», - Mijatović deyib.

«Azərbaycan hakimiyyətini media azadlığına zidd olan bu təcrübəni dayandırmağa çağırıram», Mijatoviç sözlərinə əlavə edib.

Xədicənin həbsi Azərbaycan hökumətinin öz tənqidçilərini susdurmaq və mətbuat azadlığını məhdudlaşdırmaq istiqamətində göstərdiyi son cəhdlərdən biridir.
Ceff Şell, ABŞ Yayım Şurası

Bəyanatda daha sonra son bir neçə ay ərzində həbsə atılmış jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, bloqqerlər Əbdül Əbilov, Ömər Məmmədovun və digərlərinin adları sadalanır.

Mijatović bəyanatı Bazeldən, ATƏT Nazirlər Şurasının 21-ci toplantısından verib.

Amnesty International bildirib ki, Xədicə İsmayılın həbsi Azərbaycanda azad medianın boğulmasına daha bir nümunədir. Təşkilat bu addımın jurnalistin susdurulması cəhdlərinin davamı adlandırıb.

ABŞ Yayım Şurası araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsini pisləyib və onun dərhal azad olunmasına çağırıb.

«Xədicənin həbsi Azərbaycan hökumətinin öz tənqidçilərini susdurmaq və mətbuat azadlığını məhdudlaşdırmaq istiqamətində göstərdiyi son cəhdlərdən biridir,» deyə şuranın sədri Ceff Şell bildirib. «Onunla rəftar bizi qəzəbləndirir və Azərbaycan hökumətini dərhal onu azad etməyə çağırırıq.»

Biz Azərbaycan rəsmilərini jurnalistləri qondarma ittihamlarla susdurmasına son qoymağa və Xədicə İsmayılı dərhal azad etməyə çağırırıq.
Müzəffər Süleymanov, Jurnalistləri Müdafiə Komitəsi

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf təmsil etdiyi dövlət qurumunun məsələ ilə bağlı ətraflı detalları gözlədiyini bildirmiş, eyni zamanda Azərbaycanda pisləşən insan haqları durumundan narahatlğını ifadə etmişdir.

«Biz Azərbaycan rəsmilərini jurnalistləri qondarma ittihamlarla susdurmasına son qoymağa və Xədicə İsmayılı dərhal azad etməyə çağırırıq,» deyə Nyu-Yorkda qərargahlanan Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya Bölməsinin təmsilçisi Müzəffər Süleymanov bildirib. «Bu həbsin siyasi mahiyyəti aydın görünür - mükafatlaralmış jurnalist Azərbaycandakı işinə görə təqib olunur.»

«Index on Censorship» beynəlxalq söz azadlığını müdafiə təşkilatı bildirir ki, araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsi prezident İlham Əliyev hökumətinin avtoritar instinktlərinin gücləndiyini göstərir.

Bu hökm bizdə təəccüb doğurmadı: hakimiyyətin Xədicə İsmayılı susdurmaq istədiyini bilirdik.
Marie Dahle, İnsan Haqları Evi Fondu

«Xədicə İsmayılın həbsi Azərbaycanda azad media və vətəndaş cəmiyyətinə davamlı təzyiqlərin bir hissəsidir. Bu, hakimiyyətin tənqidi səsləri susdurmaq üçün apardığı qorxutma və qısnama kampaniyasının bir formasıdır», - «Index on Censorship»in təmsilçisi Melody Patry deyib.

İnsan Haqları Evi Fondu da Xədicə İsmayılın həbsini pisləyib. Qurumun icraçı direktoru Maria Dahle deyib:

«Bu hökm bizdə təəccüb doğurmadı: hakimiyyətin Xədicə İsmayılı susdurmaq istədiyini bilirdik. Bu həbsdən sonra hər kəs nəzərə almalıdır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin müstəqil lideri bir hədəfdir və istənilən vaxt, istənilən ittihamla saxlana bilər».