İslam Dövlətinin “The Beatles” adlanan şəbəkəsinin üzvü olmaqda ittiham olunan və bu həftə Türkiyədən deportasiya edilən 38 yaşlı şəxs polisin onu terrorizmdə ittiham etməsindən sonra cümə axşamı London məhkəməsinə çıxarılıb.
Prokurorların bildirdiyinə görə, ilkin olaraq terror qanunlarına əsasən Ayn Devis 2014-cü ildə ittiham edilib. Devis Türkiyədən Britaniyaya deportasiya edildikdən sonra çərşənbə günü Luton hava limanında həbs edilib.
Suriyada əcnəbi məhbusları saxlamaq üçün təsis edilmiş İslam Dövləti şəbəkəsi ingiliscə danışanlardan ibarət olduğu üçün “The Beatles” adlandırılırdı.
Qrupun Suriyada ABŞ jurnalistləri Ceyms Foli, Stiven Sotloff və yardım işçisi Keyla Müller də daxil olmaqla, qərbli girovları saxladığı və bəzi hallarda öldürdüyü iddia edilir.
Qısa məhkəmə iclası zamanı Devisə terrorizm məqsədləri üçün pul yığma, terrorun maliyyələşdirilməsi və terrorla əlaqəli məqsədlə odlu silah saxlamaq ittihamları irəli sürülüb.
O, Vestminster Magistrat Məhkəməsində ittihamları qəbul etməyib və onun həbsdə qalmasına qərar verilib.
Müttəhimlər kürsüsündə boz köynək geyinmiş Devisi iki mühafizəçi müşayiət edib. O, yalnız adını, doğum tarixini təsdiqləyib və hazırda Britaniyada ünvanının olmadığını deyib.
Məhkəmə işinə sentyabrın 2-də Old Bailey məhkəməsində baxılacaq.