ABŞ rəsmiləri amerikalı girov Əbdülrəhman Kassiqin öldürülməsini təsdiqləyib. Prezident Barak Obama qətli İslam Dövləti qrupunun növbəti şeytan əməli kimi qiymətləndirib.
Sabiq ordu mütəxəssisi 26 yaşlı Kassiq 13 ay əvvəl Suriyada humanitar yardım işində könüllülük edərkən İslam Dövləti qrupu tərəfindən oğurlanmışdı. Qrup bazar günü bir neçə Suriya əsgərini edam edərkən çəkdiyi videonu yayımlayıb. Görüntünün sonunda militantlardan biri Kassiqi öldürdüyünü iddia edib.
Britaniya ləhçəsiylə danışan yaraqlı deyib ki, onlar ilk amerikalı səlibçini Suriyanin Dabiq qəsəbəsində dəfn ediblər və o, ABŞ əsgərlərinin də eyni aqibətlə üzləşəcəyinə dair xəbərdarlıq edib.
Cənab Obama bildirib ki, İslam Dövləti qrupu müsəlmanlar da daxil olmaqla, günahsız insanları açıq-aşkar edam edir və ancaq öldürmək və məhv etməyə qadir olduğunu nümayiş etdirir.
Kassiqin ölümü daxil olmaqla, İslam Dövləti qrupu girov götürdüyü beşinci qərb vətəndaşını öldürüb.