İslam Dövləti yaraqlıları Mosulun cənubundakı kəndə hücum edib

İslam Dövləti yaraqlıları Mosulun cənubundakı kəndə hücum edərək, ikisi jurnalist olmaqla, bir neçə adamın ölümünə səbəb olub. Baxmayaraq ki, qrup nəzarətində olan əraziləri demək olar ki, itirib.

Mosuldan 70 km. cənubda yerləşən bu kəndin bir hissəsi islamçı yaraqlıların əlindədir.

İki İraq jurnalisti təhlükəsizlik qüvvələrinin cavab hücumu barədə məlumat hazırlayarkən öldürülüb, ikisi isə xəsarət alıb.

Qarşıdurmalar zamanı çoxsaylı insan yaralanıb.

Mosulda İŞİD tədricən ərazilərini itirir və hər bir qarış uğrunda snayper, qumbara və intiharçı hücumları ilə mübarizə aparır.

İraqın baş naziri Heydər Əl-ƏbƏdi Mosuldakı böyük qələbəyə görə döyüşçüləri təbrik edib. Çərşənbə axşamı həftəlik mətbuat konfransı zamanı cənab Abadi deyib ki, yaxın günlərdə sabitlik təmin ediləcək və köçkünlərin evlərinə qayıtmasına yardım ediləcək.

Baş nazir nitqini söylədiyi vaxt İslam Dövləti qrupunun döyüşçüləri Mosulun böyük zirehli maşınların keçə bilmədiyi dar küçəli köhnə hissəsində müqavimətini davam etdirirdi. Hökumət qüvvələri İraqın İslam Dövlətinin nəzarətindəki ikinci böyük şəhəri uğrunda döyüşlərə oktyabr ayından başlayıb. Döyüşlər zamanı çox sayda mülki vətəndaş həlak olub, 750 minə qədər insan şəhəri tərk edib.