Bu gün İslam Dövləti qrupunun başçısı Əbu Bəkr Əl-Bağdadinin Suriyanın şərqindən İraqın şimal və qərbinə qədər qədər uzanan İslam “xilafətini” elan etməsindən bir il ötür. Bu ərazi artıq Yer üzündə ən təhlükəli yerlərdən birinə və beynəlxalq ekstremizmlə mübarizə səylərinin mərkəzinə çevrilib.
Sünni yaraqlılar əsirlərin başlarını kəsib, intiharçı bomba hücumları həyata keçirib, İraq və Suriya əsgərlərinə qarşı döyüşüb, eləcə də xaricdə həyata keçən terror hücumlarının məsulliyyətini üzərinə götürüb və minlərlə xarici döyüşçünü öz sıralarına cəlb ediblər.
Onlar Suriyada gedən vətəndaş müharibəsindən və İraqda siyasi hərcmərcilikdən sui-istifadə edərək regionun böyük şəhərlərini ərə keçiriblər. Bunların sırasına Suriyada Raqqa, habelə İraqda Mosul, Ramadi və Fəllucə şəhərləri daxildir.
İslam Dövləti qrupunun Suriyaya gəlişi isə hökümət qüvvələri və müxtəlif üsyançı qruplar arasında artıq dörd ildir davam edən mübarizəni daha da çətinləşdirdi. Ordu, yaraqlılar və üsyançılar eyni ərazi üzərində döyüşür. Döyüş nəticəsində həlak olanların sayı 200 mini, qaçqın düşənlərin sayı isə milyonları ötüb.
İraqda da zorakılıqlar artıb. Ölkənin təhülkəsizlik qüvvələrinin əsgərləri arasında ölüm halları ötən ilin may ayından iyun ayınadək 350 faiz artıb. Ümumilikdə isə ABŞ hərbi qüvvələri ölkəni tərk etdikdən sonra 2014-cü il İraqda ən çox insan tələfatı olan bir il olub. Bu il isə həlak olanların sayının ötən illə müqayisədə daha yüksək olacağı gözlənilir.
Bunlara cavab olaraq, ABŞ bir sıra ölkədən ibarət koalisiyaya başçılıq edərək avqustda İraqda, bir ay sonra isə Suriyada İslam Dövləti qrupuna qarşı hava hücumları həyata keçirməyə başladı. Pentaqonun verdiyi məlumata görə, 10 ay ərzində hərbi təyyarələr ümumi hesabla 4 min 800 hava hücumu həyata keçirib. Rəsmilər bu hücumların İraq qoşunları və Suriya döyüşçülərinə bəzi ərazilərin geri alınmasına kömək etdiyi bildirir.
Lakin İraq hərbi qüvvələrinin şimal və şərqdə yerləşən mühüm şəhərləri ələ keçirmək üçün quruda nailiyyət əldə edə bilməməsi İslam Dövləti qrupuna qarşı mübarizədə irəliləyişə mane olur. Ənbər vilayyətini geri almaq kimi əməliyyatlarda onlara İranın dəstəklədiyi yarı-hərbi dəstələr və kürd döyüşçülər yardım edib. ABŞ prezidenti Barak Obama isə İraqa ABŞ-ın quruda döyüşən əsgərlərinin göndərilməsi çağrılışlarına müqavimət göstərə bilib və bunun əvəzinə, İraq ordusunu inkişaf etdirmək üçün ölkəyə təlimçi və məsləhətçilərin göndərilməsi haqda qərar verib.
İslam Dövləti qrupunun ideoloji hədəfləri xain və kafir hesab etdikləri şiələri və Misirdəki qibtiləri, Suriyadakı druzları və İraqdakı yezidiləri öldürməkdən ibarətdir. Onlar ötən həftə Tunis və Misirdə, eləcə də Yəmən və Səudiyyə Ərəbistanında həyata keçirilən terror hücumlarına görə məsuliyyəti öz üzərlərinə götürüb.
İraq və Suriyada hətta qədim tarixi abidələr, ziyarətgahlar və mədəni irs nümunələrini hədəf alaraq, yaraqlılar şəhər və kəndlərə daxil olub dinə zidd hesab etdikləri hər şeyi dağıdıblar.
Dünya liderləri hərbi səylərdən əlavə qrupun maliyyə mənbələrini kəsmək, xarici döyüşçülərin axınını dayandırmaq və ekstremistlərin bütün dünyada böyük bir kütləyə müraciət edə bilməsinin qarşısını almaqdan ibarət hərtərəfli mübarizə planı irəli sürüb.