İslam Dövləti qrupunun yaraqlıları İraqda qədim Hatra şəhərini dağıdıb

İraqın turizm və mədəniyyət nazirliyi İslam Dövləti qrupunun yaraqlılarının ölkənin şimalında 2000 illik tarixə malik qədim Hatra şəhərini dağıtdığını bildirib.

İraqın bir rəsmisi Röyter xəbər agentliyinə nazirliyin bu məlumatı İslam Dövləti qrupunun yaraqlılarının nəzarət etdiyi Mosul şəhərindəki işçilərindən aldığını bildirib.

İraq rəsmisi məlumatların təsdiq edilməsinin çətin olduğunu deyərək, nazirliyə Hatranın dağıldığını göstərən şəkillərin təqdim edilmədiyni bildirib. Hatra 1987-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib.

Şəhərin yerləşdiyi ərazidə yaşayan sakinlərin sözlərinə görə, şənbə günü Hatra yaxınlığında güclü parlayış səslərinin eşidilib və İslam Dövləti qrupunun yaraqlıları şəhərdəki bəzi binaları dağıtdıb və ətraı buldozerlərlə təmizləyib.

Hatra İraqın ikinci ən böyük şəhəri olan Mosuldan 110 kilometr cənubda yerləşir. Bir həftə əvvəl İslam Dövləti qrupunun yaraqlıları Mosul muzeyində tarixi 3000 il bundan əvvələ gedib çıxan nadir sənət abidələrini dağıtdıqlarını göstərən videonu paylaşmışdı.

Bu həftə yaraqlılar Mosuldan cənubda Qədim Assuriya dövrünün Nimrud şəhərini buldozerlərlə dağıtmışdılar.