İŞİD İraq qüvvələrinə məxsus vertolyotu vurub

İslam Dövlətinin yaraqlıları İraqın ən böyük neft emalı zavodu yaxınlığında bir həftə ərzində ikinci dəfə İraqın hərbi vertolyotunu vurub salıb. Nəticədə vertolyotda olan iki pilot həlak olub.

İraq qüvvələri iyun ayından bəri Baiji şəhərindəki bu zavoda nəzarət uğrunda ekstremist qrupa qarşı mübarizə aparır.

Qonşu Suriyada isə ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava hücumlarının köməyi ilə kürd yarı-hərbi qüvvələri Kobanidə irəliləyiş əldə edən İslam Dövləti yaraqlılarını geri çəkilməyə məcbur edib.

Suriyanın Türkiyə ilə sərhədindəki şəhər uğrunda üç həftə davam edən döyüş ötən günlərdə intensivləşib. Yaraqlı qruplar bir neçə fərqli mövqelərdən geri çəkilməyə vadar edilib.

Kürd qüvvələri Ayn Əl-Ərəb adı ilə də tanınan ərazini müdafiə etmək üçün beynəlxalq yardım haqda müraciət edib.

BMT-nin Suriya üzrə xüsusi elçisi kürd döyüşçülərinin yaraqlılarla mübarizə aparmağa artıq davam gətirə bilməyəcəyini bildirib.